Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Apvopa Rusiya qazından tam azad olmaq üçün hərəkətə keçir
Apvopa Rusiya qazından tam azad olmaq üçün hərəkətə keçir

Rusiyanın təbii qaz nəqlində yaranan fasilələr enerji qiymətlərini artırdığı və təbii qaz ehtiyatlarını azaltdığı üçün Avropa ölkələri enerji böhranını yüngülləşdirmək yönündə tədbirlər görməyə davam edir.

Bizimyol.info xəbər verir ki, Avropa ölkələri 2023-cü ilin mart ayının sonuna qədər qaz istehlakını son 5 ildəki orta istehlakla müqayisədə 15 faiz azaltmağı planlaşdırırlar. Bu kifayət etməsə, qənaət tədbirlərinin məcburi edilməsi nəzərdə tutulur. Avropa Birliyi Komissiyası bu planla ildə 45 milyard kubmetr təbii qaza qənaət etməyi hədəfləyir.

Rusiya qazından ciddi şəkildə asılı olan Avropanın lokomotiv ölkəsi sayılan Almaniya isə qaza 15 faizdən çox qənaət etməyi zəruri hesab edir. Belə ki, Almaniyanın enerji bazarı tənzimləyicisi olan Bundesnetzagentur (BNetzA) prezidenti Klaus Müller bildirib ki, payız və qış aylarında istehlakçılar enerjiyə ən azı 20 faiz qənaət etməlidirlər.

Oxşar fikirdə olan İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi də bildirib ki, “Almaniya üçün qənaətə 15 faizdən daha çox ehtiyac olduğunu görürük”.

Məlumata görə, ölkənin qışa hazırlığı və qaz çənlərinin doldurulması üçün “Enerji Təhlükəsizliyi Paketi”ni açıqlayan nazirlik kömür elektrik stansiyalarının fəaliyyətini bərpa etməyi planlaşdırır. Bildirilir ki, müntəzəm istifadə edilməyən yerlərin və evlərdə hovuzların qazla qızdırılması qadağan ediləcək.

Bundan əlavə daha əvvəl bağlanması qərara alınan AES-lərin fəaliyyətinin müəyyən müddətə uzadılması da nəzərdə tutulur.

Onu da əlavə edək ki, Almaniya hökuməti ictimaiyyəti enerjiyə qənaət etməyə həvəsləndirmək üçün kampaniya başlatmağı hədəfləyir. Ölkədə enerjiyə qənaət etmək üçün müxtəlif tədbirlər görməyə başlayıblar. Məsələn, Berlin və Köln kimi şəhərlərdə bir çox binalar artıq gecələr işıqlandırılmır, mikrodalğalı sobanın elektrik və ya qaz sobalarından 4 dəfəyə qədər az enerji sərf etdiyi əhaliyə izah edilib və yeməyi qızdırmaq üçün mikrodalğalı sobaya üstünlük verilməsi tövsiyə olunub.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »