Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qızmar istilər Avropaya qayıdır: "Sağlam insanlar da ölə bilər"
Qızmar istilər Avropaya qayıdır: "Sağlam insanlar da ölə bilər"

Avropa yenidən isti dalğasının təsiri altındadır. İngiltərədə havanın temperaturu 34 dərəcəyə yüksəldiyi üçün ölkə daxilində yanğınlarla mübarizə davam edir.

Bizimyol.info xəbər verir ki, meteoroloji xidmət növbəti dörd gün üçün xəbərdarlıq edib: “Bu səviyyədə istilikdən sonra xəstəlik və ölüm halları yalnız yüksək risk qrupları arasında deyil, həm də sağlam insanlar arasında baş verə bilər".

Məlumata görə, İngiltərədə qızmar isti ilə mübarizə aparılarkən həddindən artıq yüksək temperaturun nəqliyyatı iflic etmə ehtimalı da gündəmə gəlib. Belə ki, meteoroloji xidmət istilər səbəbindən nəqliyyat vasitələrinin təkərlərinin partlaya biləcəyi xəbərdarlığını edib.

Bundan əlavə, bir müddətdir həddindən artıq istilərin təsirlərini yaşayan İngiltərədə ölkənin ən böyük su və kanalizasiya xidmətləri şirkəti paytaxt London və ətrafında su istifadəsini məhdudlaşdıracağını açıqlayıb. BBC-nin xəbərinə görə, London da daxil olmaqla, ölkənin cənubundakı bir çox bölgələrdə 15 milyon insana xidmət göstərən “Thames Water” şirkəti önümüzdəki həftələrdə "şlanq qadağası" tətbiq edəcəklərini açıqlayıb. Digər tərəfdən, oktyabr ayına qədər davam edə biləcək məhdudiyyətlər çərçivəsində bağçılıq və hovuzların doldurulması kimi işlərdə də həddindən artıq su istifadəsinin qadağan ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Carbon Brief”in araşdırmasına görə, İspaniyanın Madrid şəhəri istidən ölən insanların sayına görə dördüncü yerdədir.

Hazırda Madriddə havanın temperaturu 40 dərəcəyə çatdığı üçün əhaliyə diqqətli olmaq üçün çağırış edilib.

Digər tərəfdən, İspaniyanın yüksək tirajlı qəzetlərindən olan “El Pais” ölkənin şimal-qərbindəki Qalisiya bölgəsində həftəsonu 7 nöqtədə baş verən yanğınların söndürülməsi üçün işlərin davam etdiyini yazıb. Bildirilib ki, Boiro və ətrafında təxminən 2000 hektar ərazi yanıb və buradakı yanğın hələ də nəzarət altına alınmayıb.

Əlavə edək ki, Portuqaliya Milli Hava Agentliyindən verilən açıqlamada bildirilib ki, 2022-ci ilin iyul ayı havanın temperaturu baxımından qeydlərin aparıldığı 1931-ci ildən bəri ölkədə ən isti ay kimi qeydə alınıb.

Bildirilir ki, ölkədə bu il ən yüksək temperatur 47 dərəcə olub və iyul ayında qeydə alınıb.

Xatırladaq ki, yaxın günlərdə havanın temperaturunun Madriddə 39-41, Bordoda 37-38, Romada 36-37, Cenevrədə 35-37 dərəcə isti olacağı gözlənilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »