Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalılar Avropada sıxışdırılır: “Kreml onların narazılığını müşahidə etməlidir”
Rusiyalılar Avropada sıxışdırılır: “Kreml onların narazılığını müşahidə etməlidir”

Müharibə başlayandan Qərb ölkələrində Rusiya vətəndaşlarına münasibət pisləşib. Onların bir çox iaşə obyektlərinə buraxılmaması haqda çox eşitmişik. Avropalılar rusiyalıları Vladimir Putinin Ukraynaya hücum qərarına etiraz etməməkdə qınayır. Çünki Kreml məhz daxili müqavimətin olmamasına görə çəkinmədən qonşu ölkəyə qoşun yeritdi.

Bizimyol.info xəbər verir ki, rusiyalıları Avropada muzeyə buraxmırlar. Söhbət konkret olaraq 14-cü əsrə aid Vensen qəsrindən gedir. Məsələyə Fransa Müdafiə Nazirliyi səviyyəsində müdaxilə olunub. Nazirlikdən bildirilib ki, Rusiya vətəndaşları hərbi əhəmiyyət daşıyan Vensen qəsrinə daxil ola bilməzlər. Bunun Ukraynaya hücumla bağlılığı qeyd olunub.

Məsələnin başqa tərəfi də var. Qəsrdə tarixi müdafiə xidmətinin baş qərargahı yerləşir. Burada hərbi arxivlər qorunur. Fransa Müdafiə Nazirliyindən bildiriblər ki, yalnız Rusiyadan olan jurnalistlər icazə üçün müraciət edə bilər. Yəni media nümayəndələri üçün istisna şərait yaradılması mümkündür.

Bir neçə gün əvvəl Rusiya vətəndaşı olan iki nəfəri Vensen qəsrinə daxil olmağa icazə verməmişdilər. Rusiyalı qız sosial media hesabında yazmışdı ki, ondan girişdə pasport tələb ediblər. Rusiya vətəndaşı olduğu üzə çıxanda içəri daxil ola bilməyəcəyini eşidib. Səbəb kimi sadə cümlə işlədilib: “Çünki siz russunuz”.

Həmin qız Rusiyanı müharibə başlayan kimi tərk etdiyini yazıb. Bununla Rusiya vətəndaşı Kremlin qərarına etiraz edib. Amma Fransa Müdafiə Nazirliyi bu məsələdə istisnalar yaratmaq fikrində deyil. Rusiya pasportu daşıyan istənilən şəxs qəsrə daxil ola bilməyəcək.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına qarşı məhz belə davranışın tərəfdarıdır. Onun fikrincə, rusiyalı turistlərin Qərb ölkələrinə ayaq basmasına imkan verilməməlidir.

Estoniyanın və Finlandiyanın hökumət rəhbərləri də bənzər fikirlər səsləndirib. İndiyə qədər olan sanksiyalar lazımi nəticəni verməyib. Sanki Rusiya vətəndaşları müharibənin acısını hiss etmir. Hökumət rəhbərlərini də bu amil qıcıqlandırır. Kreml rusiyalıların narazılığını, müqavimətini müşahidə etməlidir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »