Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gizli kartlarla açıq oynayan... “Eybəcərlər anası”
Gizli kartlarla açıq oynayan... “Eybəcərlər anası”

Bəli, elə adamlar var, nəinki dostluğa, heç düşmənçiliyə də yaramır. Dostluğun da, lap elə düşmənçiliyin də bir əxlaqı var. Dostluğa yaramayanlarda dostluğun, düşmənçiliyə yaramaanlarda isə düşmənçilyin əxlaqı yox deməkdir. Bu, dövlətlərə də aiddir; nəticədə dövlət də insanların elə insanlardan qurduğu bir sistemdir. Amma, nə yazıq, elə insanlar (elə dövlətlər) var, bilmirsən, dostdur, ya düşmən. Nəyə yaradığını, nəyə (və niyə!) yaramadığını kəsdirə bimirsən. Ya buqələmun kimi özlərini çox məharətlə gizlədirlər, ya da, əksinə, sözlərinin, əməllərinin arxasında gizlənirlər ( danışa-danışa susurlar). Son dövrün hadisələri bunu deməyə əsas verir. Ən sonuncusu – Londondakı səfirliyimizin zəbt olunması və bayrağımızın endirilməsi oldu.

“Bir kərə yüksələn bayraq, bir daha enməz” də, amma bu, sıradan bir olay da deyildi. Daha əvvəl yazdığım kimi, Qarabağdakı qələbələrimiz bir çoxuna çox ağır gəldi. Üstəlik, bu qələbəni məlum dəhlizdən keçirmək cəhdimiz. Bizi dar boğazda yaxaladıqlarını düşünürlər. Bəli, yazmışdım: biz müharibəni udmuşuq, ancaq qələbəmizi boğazımızda qoymaq istəyənlər var. Bizi öz qələbələrimizdə boğmaq istəyənlər! Ən böyük geosiyasi mədələr də belə bu kiçik ölkənin böyük qələbələrini həzm edə bilmir. O üzdəndir, cürbəcür iyrənc planlar, təxribat ssenariləri ifraz edirlər. London təxribatı da bu cür üfunətli geosiyasi fantaziyanın məhsulu idi.

O nərdivanı divara söykəyib səfirliyimizin binasına dırmaşan, din adından dinə heç bir dəxli olmayan hədyanlar saçan bu əcayib-qərayiblərə baxanda Gi de Mopassanın “Eybəcərlər anası” hekayəsi bir daha gözlərimin önündə canlandı. Fermada işləyən, zahirən çox ismətli görünən bir qız gizlicə fahişəliklə məşğul olur. Hər il bir uşaq gətirir dünyaya. Fərqi yoxdur kimdən. Bu qadın hamiləlik dövründə qarnına taxta qoyub iplə bərk-bərk bağlayır. Nəticədə övladları şikəst və ya eybəcər doğulur. “Ana” eybəcər və şikəst balalarını başqalarına satır. Bu eybəcər xidmətçilərin sahibləri isə onları küçələrdə dilənməyə və daha bir sürü eybəcər xidmətlər göstərməyə məcbur edir. “London təxribatı”nı da eyni zamanda bu eybəcərlikləri və eybəcərləri bizə bir daha göstərən tanıdıcı videoçarx kimi düşünün.

Bəs bu eybəcərləri doğub dünya boyu səpələmiş o EYBƏCƏRLƏR ANASI kimdir?! Məncə, bu sualın cavabı da çox uzaqda deyil; tam da qonşuluğumuzda. Ki, buna “qonşuluq” demək də bir ayrı cür çətin. Dostluq o yana qalsın, düşmənçiliyə də yaramayanlardan nə qonşuluq?! Buna da yaramırlar. Bu halda qonşuluq, sadəcə və sadəcə, bir xəritə yaxınlığından, qısası, bir coğrafiya faktından başqa bir şey deyilmiş. Düşmənimizlə otuz il bizə qarşı “dostluq” eləyən dövlət(lər)dən söhbət gedir. Elə ki, biz düşməni əzib torpaqlarımızdan qovduq (ki, qalanları da hələ qovuruq, qovacağıq), onda düşmənimizin dostu bizə qarşı ən kəsərli saydığı azı otuz illik silahını itirdi. Odur ki, artıq başqa silahlardan atəş açmağa başlayıb: istər ölkəmizin içində, istərsə də çölündə öz “eybəcərlər ordusunu” hərəkətə keçirib. Elə təkcə bir fakta diqqət yetirək: Azərbaycana qarşı London təxribatını pisləyən dövlətlər, özəlliklə də, müsəlman ölkələr hansılardır?! Qonşuluğumuzda əhalisi əksərən və ya, demək olar, tamamilə müsəlmanlar olan hansı dövlətlər bu olayı açıq lənətlədilər, hansılar yox?! Bunu bir balaca təhlil edəndə hər şey gün kimi ortaya çıxır.

London olayı Azərbaycana qarşı təxribat planının, sadəcə, bir epizodudur. Bu plan böyük plandır və son dövrlərdə sistemli olaraq reallaşdırılmasına cəhd olunur. Planın ən qəddar və qorxulu hissəsi isə cəmiyyətimizi siyasi məzhəbçilik üzərindən qarşıdurmaya sürükləyib bölmək və dini inancların münaqişəsini (ya da ən azı məzhəblərarası münaqişə görüntüsünü) yaratmaq niyyətləridir. Çox təəssüf ki, radikal şiəçiliyi təbliğ edən, təlqin edən mərkəzlər bizi xarici sərhədlərimizdən də “mühasirəyə almağa” çalışırlar; Borçalıda, Şimali Qafqazda – yəni Gürcüstanın və Rusiyanın ərazisində uzun illər radikal məzhəbçilik təlqin olunub. Gürcüstanın Marneuli rayonu və Rusiyada Dağıstan, sizcə, təsadüfən seçilib?! Xeyr! Azərbaycanın bu iki istiqamətdə dünyaya çıxan yolunu “bağlamağa” hesablanıb. Uzun illər Bakı və ətrafında, Lənkəran, Naxçıvan, Gəncə, Göyçay və başqa bölgələrdə aşkar-gizli çox işlər aparılıb. Və çox uzun zaman ölkəmizdəki “dini hakimiyyət”dəki boşluqlar və özbaşına-özboşuna hərəkətlər və eləcə də, hərəkətsizliklər bu gün radikal ünsürlərin din pərdəsi altında meydan sulamaq cəhdlərinə səbəb olub.

Mənim sevimli yazıçılarımdan biri, məşhur Amerika yazıçısı, Nobel mükafatçısı Sol Bellounun "Ravelşteyn"romanının baş qəhrəmanı, siyasi fəlsəfə professoru Eyb Ravelşteyn dostuna belə bir fikir deyir: "Əgər silahlı dəstə mənim evimə soxulub mülkümü əlimdən alsa, mən başqa ev tapacam. Evimə görə narahat olmayacam. ABŞ Konstitusiyasına görə narahat olacam. Çünki Konstitusiya məhv olsa, biz ibtidai icma xaosuna qayıdacağıq".

Fikrin açması budur: mənim olan mənimdir, Konstitusiya isə hamımızındır. Hamımızın olanı qorumasaq, heç birimizin olanı qoruya bilmərik. Biz də Konstitusiyanı - hamımızın olanı, o cümlədən, ölkəmizdəki dini harmoniyanı, dünyəvi dövlətçiliyi və sair itirsək, hər birimizin ayrılıqda olanını dünəndən itirmişik deməkdir. Hətta ordumuzun halal qələbəsini Hnsisa yarımağıl meyxanaçının dilindən dini məzhəbin adına bağlamaq, eləcə də, başqa bu kimi təxribatçı, bölücü fitnə-fəsadlarla dövləti, cəmiyyəti, ordunu içindən zəiflətmək, parçalamaq niyyətində olan qüvvələr var. Bunlar təkcə xaricdə deyil, ölkənin içində də fəallaşıb. Biz Qarabağ kartını qonşuluqdakı məlum böyük oyunçuların əlindən qoparıb alandan sonra onlar artıq gizli kartlarını masa üzərinə çıxarmağa başlayıb. O üzdən biz necə Qarabağ üçün tək ürək olduq, indi də bizi təhdid edən radkal məzhəbçilik fitnələrinə qarşı ikiqat daha sıx birləşməliyik. Millətimizin taleyi, tarixi (eləcə də, tarixi coğrafiyası) elə gəlib ki, bizə düşmən kimi baxanlarla, dost kimi baxmayacaqlarla qonşu olmuşuq. “Qonşun pisdirsə, köç, qurtar” məsəli burda işləmir. Fərdlər pis qonşudan köçər, qurtarar canını. Millətlər ki köçə bilməz, ölkələr köçməz. O üzdən daha sayıq və bir-birimizə bağlanmış olmalıyıq. Başqa bir yolumuz yox. “Qurddan qorxan meşəyə girməz”. Biz isə meşədəyik və burada təkcə qurdla qonşu olsaydıq, yaxşıydı; qurdun bir əxlaqı var. Ətrafımızda canavar, kaftar, çaqqal sürüləri var. Hər cür məkrli və yırtıcı xislətli bədxahlar var. Onlar bizim zəif nöqtələrimizi axtarırlar. Bəzən də, təəssüf ki, tapa bilirlər. Bu ölkə bizimdir, bizim evimizdir, əyrisi də, doğrusu da, yanlışı da bizimdir. İndi evimizin sütunlarına hücum var; gizli, məkrli planlar var. Bu hücumu dəf etmək, bu planları pzmaq bizə düşər.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »