Əfqanıstanda aclıq pik həddə çatıb.
Ümumdünya Ərzaq Proqramı (WFP) Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban rejiminə qarşı Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların xalqı aclıq fəlakətinə sürüklədiyini, ölkədə bir milyondan çox uşağın qida çatışmazlığından əziyyət çəkdiyini bildirib. Qeyd edilir ki, əhali aclıqdan ölür.
Bizimyol.info dwnya mətbuatına istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının məlumatına görə, hər 10 əfqandan 9-u yaxşı qidalana bilmir.
Ölkənin 18 milyondan çox əhalisinin yarısı aclıq çəkir və təcili yardıma ehtiyac duyur. Maliyyə çətinliyinin həddindən artıq olduğu qeyd edilsə də, Ümumdünya Ərzaq Proqramının Əfqanıstan üzrə direktoru Meri-Ellen Makqroarti keçən ay bildirib ki, hazırda yalnız 10 milyon insana dəstək olmaq mümkündür.
BMT-nin Uşaq Fondu (UNİCEF) isə bildirir ki, hazırda Əfqanıstanda 5 yaşdan kiçik bir milyondan çox uşaq aclıq çəkir, onların təcili tibbi yardıma ehtiyacı var.
Xatırladaq ki, Əfqanıstan əhalisi təkcə Taliblərə görə deyil, eyni zamanda iyunda baş verən zəlzələnin nəticələrindən də əziyyət çəkir. Belə ki, iyun ayında Əfqanıstanın cənub-şərqindəki Paktika əyalətində baş verən 6,1 bal gücündə zəlzələdə 1000-dən çox insan həlak olub. Minlərlə insan evsiz qalmışdı. Digər tərəfdən isə, leysan yağışları nəticəsində meydana gələn sellər əfqanların həyatına son qoyur.
Güclü zəlzələ əksər kəndləri demək olar ki, xəritədən silib. Bu gün Əfqanıstanda milyonlarla insan qida, sığınacaq və su qıtlığı üzündən yaşamaq uğrunda mübarizə aparır. Digər tərəfdən isə vəba təhlükəsi var.
İlahin, Bizimyol.info