Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “kimisə” Rusiya və onun təcavüzünün qurbanı olan Ukrayna arasında “sülh dialoqunu” pozmaqda ittiham edib.
Bizimyol.info xəbər verir ki, Ankarada Türkiyə səfirlərinin konfransında çıxış edən Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Antalya və İstanbulda heç bir nəticə ilə bitməyən danışıqların raundlarını xatırladıb.
Qeyd edək ki, Ukrayna mətbuatının yazdığına görə, aprelin əvvəlində Rusiya qoşunları Ukraynanın şimalından geri çəkildiyi zaman işğal olunmuş yaşayış məntəqələrində hansı vəhşiliklər törətdikləri ortaya çıxıb. Sonra rəsmi Kiyev bildirib ki, bundan sonra heç bir danışıqlar aparıla bilməz.
Türkiyə prezidenti təəssüflə bildirib ki, cəhdlərə baxmayaraq, bu günə qədər “müsbət ab-hava yaratmaq və qan tökülməsinin qarşısını almaq mümkün olmayıb”.
"Türkiyə kimi sülh yolu ilə həllin tərəfdarı olanlarla yanaşı, müharibənin davam etdirilməsinin tərəfdarı olanlar da var. Tərəflərə böyük ziyan dəyib",- deyə Ərdoğan vurğulayıb.
Amma çıxışı zaman o, kimi nəzərdə tutduğunu açıqlamayıb. Onun sözlərinə görə, “sülhə hazır olmaq barədə bəyanatlar kifayət deyil, sülhə yalnız məsuliyyətli yanaşma ilə nail olmaq olar”.
Xatırladaq ki, Rusiya aprelin əvvəlində İstanbulda hərbi əməliyyatların dayandırılması ilə bağlı ilkin razılaşmaya baxmayaraq, Donbasda yeni hücuma başlamaqla Ukrayna ilə danışıqları dayandırıb.
Bu barədə “RBC-Ukrayna”ya müsahibəsində Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar deyib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident Vladimir Zelenski ilə danışıqlar aparıb və Rusiya Federasiyasını sülh danışıqlarının zəruriliyinə inandırıb.
“Bu danışıqlar Türkiyə tərəfinin sırf vasitəçilik funksiyaları sayəsində aparılıb”,- deyə diplomat bildirib.
O, qeyd edib ki, Ukrayna martın sonunda İstanbulda danışıqlardan sonra Rusiya ilə müharibənin sülh yolu ilə həlli perspektivinə ümid edirdi, lakin bundan sonra Rusiyanın Buça, İrpen və digər şəhərlərdə törətdiyi kütləvi cinayətlərlə vəziyyət dəyişdi.
Səfir bildirib ki, Rusiya Donbasda yeni hücuma başlamaqla danışıqları dayandırıb, çünki İstanbulda danışıqların əsas şərti qoşunların çıxarılması ilə hərbi əməliyyatların dayandırılması olub.
İlahin, Bizimyol.info