Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin məğlub olub, ona görə də öz həyatı üçün çox narahatdır”
“Putin məğlub olub, ona görə də öz həyatı üçün çox narahatdır”

Sanksiyalar ağır nəticələrini bariz göstərəndə, Ukrayna cəbhəsində işlər lap pisləşəndə Kreml nüvə silahından danışmağa başlayır. Rusiya rəhbərliyi dünyanı dəhşətli silaha əl ata biləcəyi ilə hədələyir. ABŞ-da yaşayan rusiyalı politoloq Andrey Piontkovski danışılanları qeyri-ciddi sayır. Onun fikrincə, Kreml heç bir halda nüvə silahından istifadə etməz.

Bizimyol.info xəbər verir ki, rusiyalı politoloq nüvə silahı ilə şantajın Vladimir Putinin köhnə metodu olduğunu deyir. Piontkovski dövlət başçısının azı 15 ildir bu ritorika ilə danışdığını bildirir.

“Bu şantaja görə Ukrayna və Gürcüstanı 2008-ci ildə NATO-ya qəbul etmədilər. Hələ də mane olurlar. Bu şantaja görə Gürcüstana qarşı aqressiyaya, Krımın ilhaqına reaksiya çox zəif oldu. Çünki Qərbdə daim deyirdilər: “Gəlin, Putini qıcıqlandırmayaq, birdən nüvə silahına əl atar”. Gördüyünüz kimi, şantaj əla işləyir”.

Ekspert Putinin nüvə silahından istifadə etməyəcəyi ilə bağlı üç səbəbi göstərib. Birincisi, Rusiya rəhbəri hər addımdan sonra müəyyən siyasi nəticə gəzləyir. Nüvə silahı bu nəticəni verə bilməz.

“Tutaq ki, sabah bu cinayətə əl atdı, nüvə silahından istifadə olundu. Hər hansı Ukrayna şəhəri məhv edildi. Hansı siyasi məqsədinə nail olacaq? Müharibə bitəcək? Ukraynalılar müqaviməti dayandıracaq? Qərb təslim olacaq, köməyi saxlayacaq? Xeyr”.

Piontkovski deyir ki, Putin öz həyatı üçün çox qorxur. Politoloq Kreml rəhbərinin strateji baxımdan müharibəni uduzduğuna əmindir. “Son həftələr baş verənlər Putinin öz həyatı üçün necə narahat olduğunu göstərir. Məğlub diktator heç vaxt hakimiyyətini qoruya bilmir. Hakimiyyətlə birlikdə həyatını da. Putin buna görə də barışıq yoluyla qələbə təsəvvürü yaratmağa çalışır”.

Piontkovski üçüncü səbəb kimi nüvə silahının bir nəfərdən asılı olmamasını göstərir. Həmin an azı 10 nəfər cəsarət nümunəsi ortaya qoymalıdır.

“Nüvə silahı tək bir düymədən ibarət deyil. Onlarla adam taktiki həmləni həyata keçirməlidir. Onlardan bir nəfər özündə cəsarət tapmasa, alınmır”.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »