Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mariya Zaxarovadan fərqli olaraq, bizim sahibimiz yoxdur"
"Mariya Zaxarovadan fərqli olaraq, bizim sahibimiz yoxdur"

Rusiyalı jurnalistlərlə bağlı yeni qalmaqal yaşanır. Hökuməti tənqid edən və buna görə məhdudiyyətlərlə üzləşən “Dojd” kanalının əməkdaşlarının ünvanına yeni ittihamlar səsləndirilir.

Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Dojd”un əməkdaşlarını xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham edib. O, iddia edib ki, bu jurnalistləri Latviyanın Dövlət Təhlükəsizliyi Xidmətinə dindirməyə çağırıblar. Həmin vaxt onlarla əməkdaşlıq müqaviləsi imzalanıb. Zaxarova bunu özünün “Telegram” kanalında yazıb: ““Dojd”un əməkdaşlarıyla Latviya Təhlükəsizlik Xidmətində “söhbət” aparılıb. Bəzi jurnalistlərlə danışıqlar 5-6 saata qədər çəkib. Görüşün nəticəsi olaraq, əməkdaşlıq haqqında sənədlər imzalanıb. Məndə belə bir sual yaranır? “Dojd”un əməkdaşları Moskvada işləyəndə Rusiyanın Daxili İşlər Nazirliyinə, Federal Təhlükəsizlik Bürosuna tez-tez söhbətə gedib orada əməkdaşlıq haqqında sənəd imzalayırdılar?”

XİN rəsmisinin dediklərinə reaksiya verən “Dojd”un baş redaktoru Tixon Dzyadko iddiaları təkzib edərək bu məlumatın tamamilə yalan olduğunu bildirib. O bildirib ki, heç bir söhbət, razılaşma və ya sənəd imzalanmasından söhbət gedə bilməz: “Zaxarovanın məlumatı yalandır, Rusiya Xarici İşlər Nazirliyinin məmurunun zəngin fantaziyasının məhsulundan başqa bir şey deyil”.

Baş redaktor əlavə edib ki, Latviya güc strukturlarıyla cəmi bir dəfə ünsiyyəti olub.

“Mənim Latviya güc strukturları ilə yeganə qarşılaşmam sərhəddə xanım əməkdaşla olub. Ona görə olub ki, sərhəddəki xanım ölkəyə gəlişimin səbəbini soruşdu, pasportuma möhür vurdu, vəssalam. Mariya zaxarovanın niyə belə yalan danışdığı məlumdur: insanlarda şübhə yaratmaq istəyirlər ki, bizim materialların obyektivliyinə, dürüstlüyünə inanmasınlar. Arxamızda hansısa qüvvənin olması görüntüsü yaratmaq istəyirlər. Mariya Zaxarovadan fərqli olaraq, bizim sahibimiz yoxdur. Biz müstəqil və azadıq...”,- Tixon Dzyadko belə deyib.

Rusiya Ədliyyə Nazirliyi “Dojd” telekanalını “xarici agent” elan edib.

Rusiyalı jurnalistlərlə bağlı başqa bir qalmaqallı hadisə isə Kosovoda baş verib. Orada rusiyalı jurnalist casusluqda təqsirləndirilərək saxlanılıb.

Xarici İşlər naziri Cəlal Şveçla bildirib ki, rusiyalı jurnalist Darya Aslamov sərhəddə saxlanılıb.

“Araşdırmalar və ortaya çıxan bir çox məqamlar sübut etdi ki, o, Rusiya hərbi kəşfiyyatının xeyrinə casusluqla məşğul olurmuş. Özünü jurnalist kimi qələmə verir”,- Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı açıqlamasında bildirilir.

“Komsomolskaya pravda”nın məlumatına görə, onu artıq buraxıblar və Aslamov artıq Serbiyanın Raşka şəhərindədir. Jurnalist bildirib ki, ona qarşı rəsmi ittiham irəli sürülməyib, vəkillə, səfirliklə əlaqə yaratmasına imkan verilməyib. O, işini Belqradda davam etdirdiyini də vurğulayıb.

Kosovo Xarici İşlər Nazirliyi sosial şəbəkə hesablarında onun Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Suriya prezidenti Bəşər Əsədlə fotolarını yayımlayıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »