Hökumət bu yaxınlarda Ukraynada Bayraktar zavodunun tikintisinə dair ikitərəfli sazişi təsdiqləyib və ratifikasiya üçün parlamentə göndərib.
Bizimyol.info Ukryana mətbuatına istinadla xəbər verir ki, bu barədə RBC-Ukraynaya müsahibəsində Ukraynanın Türkiyə Respublikasındakı səfiri Vasili Bodnar danışıb.
Səfirin sözlərinə görə, şirkətin sahibi artıq Ukraynada torpaq sahəsi alıb, zavodun layihəsini özü hazırlayıb və onu sona qədər həyata keçirməyə hazırdır.
"Zavodun tikilməsi prosesi təkcə siyasi deyil, həm də praktikdir. Çünki bu zavodda istehsal olunacaq modellərin böyük bir hissəsində Ukrayna istehsalı olan komponentlər olacaq",- dey Bodnar əlavə edib.
Onun sözlərinə görə, təyyarələrin istehsalı zamanı mühərriklər, təkərlər və ya Ukrayna istehsalı olan digər ehtiyat hissələri istifadə oluna bilər.
"Müharibəyə baxmayaraq, şirkətlərimiz öz öhdəliklərini yerinə yetirməkdə davam edir. Ola bilsin ki, nəzərdə tutulan həcmdə deyil. Amma bu iş davam edir. Biz bu prosesdə Türkiyə tərəfini öz öhdəliyi ilə tək qoymuruq, bu da bizim nə qədər məsuliyyətli tərəfdaş olduğumuzu göstərir”,- deyə səfir vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya mətbuatı Putinin Ərdoğanı Rusiyada Bayraktar zavodu açmağa dəvət etdiyini yazmışdı. Bundan sonra Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Kreml təbliğatının əsassız olduğunu açıqlayıb.
Rusiya mətbuatı informasiyanı elə təqdim edirdi ki, sanki əməkdaşlıq məsələsi artıq həll olunub. Bu məlumatlardan sonra Baykar Makina-nın baş direktoru Haluk Bayraktar “Bayraktar” İHA-larının Rusiyaya tədarük edilməyəcəyini və zavod barədə planlarının olmadığını bildirmişdi.
İlahin, Bizimyol.info