Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin gəmisi Yunanıstanı həyəcan vəziyyətinə gətirdi
Türkiyənin gəmisi Yunanıstanı həyəcan vəziyyətinə gətirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avqustun 9-da yola salacağı gəmi yenidən Yunanıstan mətbuatının gündəminə gəlib. Bir müddətdir yaxından izlənilən gəmi ilə bağlı Yunanıstan mətbuatı 3 ssenari irəli sürüb.

Bizimyol.info xəbər verir ki, avqustun 9-da yola salınacaq “Abdülhamid Han” qazma gəmisinin ilk missiyasından əvvəl son hazırlıqlar tamamlanarkən, Yunan mətbuatı bu yeniliyi ilk manşetdə oxucularına çatdırıb. Yunanıstanın “Kathimerini” qəzeti “Türk qazma gəmisinin üç mümkün marşrutu” başlıqlı xəbər dərc edib. Xəbərdə “Abdulhəmid Han”ın izləyəcəyi marşrut üçün 3 ssenari yer alıb.

Belə ki, yunanlar ən çox ehtimal olunan ssenari kimi Kiprin şimalını göstərib. “Mövcud məlumatlar qazma üçün ən çox ehtimal olunan ərazilərin ilk növbədə Kiprin şimalındakı bölgə olduğunu göstərir”,- deyə bildirilib.

Eyni xəbərdə ikinci ssenarinin adanın cənub-qərbi olduğunu, üçüncü ssenarinin isə 28-ci meridianın şərqində, yəni Rodosun cənubunda kəşfiyyat işlərinin aparılması olduğunu bildirib.

CNN oxşar ssenarilərə geniş yer verən media orqanlarından biri olub. CNN gəminin istismara verilməsi üçün geri sayımın başladığını bildirərək xəbərdə “Afina və Lefkoşanın onun hərəkətlərinə görə həyəcan vəziyyətində olduğunu” yazıb.

Yunanıstanın “Ta Nea” qəzeti isə “Abdülhamid Han” qazma gəmisini “Türkiyənin ən müasir və ən güclü gəmisi” olaraq xarakterizə edib. Xəbərdə gəminin Şərqi Aralıq dənizində araşdırmalara başlamasının gözlənildiyi vurğulanıb.

Qeyd edək ki, texniki təchizat və fiziki xüsusiyyətləri ilə “Mavi Vətən”də donanmanın “ən güclüsü” olaraq xidmət edəcək “Abdülhamid Han”, Fatih Kanuni və Yavuzdan sonra Türkiyənin dördüncü qazma gəmisidir, dünyanın isə beşinci ən böyük gəmisi olma xüsusiyyətini özündə daşıyır.

Yeddinci nəsil texnologiyaya sahib olan gəminin uzunluğu 238 metr, eni isə 42 metrdir. Qoşa qülləli aktiv mövqeləşdirmə sisteminə malik, 200 nəfərlik ekipaj tutumu olan və 12.200 metrə qədər qazma qabiliyyətinə malik gəmi, avqust ayında keçiriləcək mərasimlə Taşucu limanından ilk növbətçi məntəqəsinə yola salınacaq.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »