Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanı silkələyən qalmaqal: Silah alimləri casus çıxdı
Rusiyanı silkələyən qalmaqal: Silah alimləri casus çıxdı

Ukraynada müharibə davam edərkən, Rusiya casus qalmaqalı ilə sarsılır. Belə desək, Putinin gözü kimi qoruduğu silahlara cavabdeh olan daha bir alim dövlətə xəyanət ittihamı ilə həbs edilib. Rusiya mətbuatı alimin informasiya sızdırmaqla casusluq etdiyini yazıb.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibənin artıq altıncı ayıdır. Müharibənin ilk günündən etibarən Ukraynanın paytaxtı Kiyevi əsas hədəf kimi təyin edən Rusiya ordusu həftələrlə mühasirə və ardıcıl hücum cəhdlərindən sonra bölgədən geri çəkilərək istiqamətini ölkənin şərqinə çevirib. Bu çərçivədə Rusiya bu bölgənin bir çox şəhərini hədəfə alaraq, “Donbasdakı son qala” olaraq bilinən Lisiçanskın nəzarətini təmin etdi.

Hazırsa Donetsk vilayətində müharibə şiddətlənərkən Rusiya casus qalmaqalı ilə sarsılır. Rusiya dövlət mediasının məlumatına görə, Putin ölkənin aparıcı hipersəs raket alimlərindən birini vətənə xəyanətdə şübhəli bilərək həbs etdirib. Qısa müddətdə ölkə gündəminə bomba kimi düşən bu hadisənin baş qəhrəmanının Rusiyanın hazırladığı hipersəs raket layihələrində mühüm rol alan Aleksandr Şiplyuk olduğu açıqlanıb.

Kremlin idarə etdiyi media adı açıqlanmayan bir mənbənin Rusiyanın hipersəs tədqiqatları ilə əlaqəli Şiplyukun ölkə xaricinə məxfi məlumatları ötürməkdə şübhəli olduğunu bildirdiyini yazıb. Mənbə əlavə edib ki, doktor Skiplyuk ötən ay saxlanılan Anatoli Maslovla “eyni ittihamlarla” üzləşir. Həmin xəbərdə bu işlə Rusiyanın təhlükəsizlik xidməti FSB-nin məşğul olacağı vurğulanıb.

Sözügedən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil Rusiya silah texnologiyasının bir hissəsidir. Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı. Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Putin, yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini təkid edir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan “Şeytan 2” raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir. Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücündə olduğunu iddia edir.

Xatırladaq ki, Putin bu yaxınlarda Sarmat qitələrarası ballistika sisteminin tamamlanmaq üzrə olduğunu təsdiqləyərək TASS xəbər agentliyinə deyib ki, “Sarmat üzərində iş fəal şəkildə gedir və hazırda son mərhələdədir”.

Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli Zirkon raketinin yeni şəkillərini də paylaşıb. Rusiyanın bu raketdən istifadə etdiyi ABŞ dairələri tərəfindən təsdiqlənərkən İngiltərə mətbuatı bu hadisəni “Rusiya Londonu 5 dəqiqəyə vura biləcək hipersəs nüvə raketinin görüntülərini dərc etdi” başlığı ilə oxucularına təqdim edib.

Bununla belə, Rusiyanın əvvəllər səs-küylü şəkildə təqdim etdiyi bir çox silahları sonradan uğursuz alınıb. Hazırda “reklam” edilən silahların da praktikada effektli olacağı şübhə altındadır.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »