Rusiyanın Ukraynanı işğal etmək üçün başladığı müharibənin beşinci ay davam etməsinə baxmayaraq, Rusiyanın “Vaqner” qruplaşmasının muzdluları gündəmdə qalmaqda davam edir. Daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenskiyə sui-qəsd planlaşdırdıqları deyilən rusiyalı “Vaqner” qrupu muzdluları indi hazırladıqları reklam lövhələri ilə gündəmdədir.
Bizimyol.info xəbər verir ki, Rusiyanın Ural bölgəsində yerləşən Yekaterinburq şəhərində 3 reklam lövhəsi “Vaqner” əsgərlərinin şəkilləri ilə örtülüb. Əsgərlərin olduğu plakatlarda “Vətən, namus, qan, igidlik, Vaqner” açıqlamaları diqqət çəkib.
Digər bir reklam lövhəsindəki bannerdə isə telefon nömrəsi, həmçinin “Wagner2022” internet saytı qeyd edilib. Vaqnerin Ukraynada öz sıralarına qoşulmaq üçün döyüşçülər toplamaq səylərinin bir hissəsi olan plakatlar tez bir zamanda aktual mövzuya çevrilib. Plakatlardakı “+24” ifadəsi də xüsusi diqqət çəkib.
Qeyd edək ki, “Vaqner” muzdlu dəstəsi 2014-cü ildə Ukraynanın şərqində rusiyayönlü separatçılara dəstək vermək üçün yaradılıb. Əksər Avropa ölkələri, xüsusən də ABŞ , Vaqner qrupunun Qərbin sanksiyaları altında Vladimir Putinlə yaxınlığı ilə tanınan güclü biznesmen Yevgeni Priqojin tərəfindən maliyyələşdirildiyini bildirir. Priqojin isə qrupla bağlılığını inkar edir.
Britaniya mətbuatı yazıb ki, bu afişalar keçmiş məxfi qruplaşmaya əsgər toplamaq cəhdinin son zamanlarda ictimaiyyətə əks etdirilməsinin nəticəsidir.
Bundan əvvəl Britaniyanın “The Times” qəzeti “Vaqner” qrupuna keçmiş xüsusi əməliyyat hərbçisi Dmitri Utkinin rəhbərlik etdiyini yazıb. Qəzet “Vaqner” adının Adolf Hitlerin sevimli bəstəkarından gəldiyinə diqqət çəkib.
Leyla, Bizimyol.info