Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynanın Rusiya əmlakını müsadirə etməsinə Kremldən reaksiya
Ukraynanın Rusiya əmlakını müsadirə etməsinə Kremldən reaksiya

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin Ali Radanın ölkədəki Rusiya əmlakının müsadirə edilməsi ilə bağlı qərarı təsdiqləməsinə şərh verib.

Bizimyol.info Rusiya mətbuatına istinadla xəbər verir ki, Medvedev Zelenskinin təklifini ciddiyə almayıb. “Onlar bizdən kağız üzərində nəsə almağa çalışırlar, biz isə torpaq üzərində alırıq. Bizim silahlı qüvvələrimiz Kiyev rejiminin cinayət yolu ilə əldə etdiyi əmlakın müsadirə edilməsi və onun Donbassın zərər çəkmiş sakinlərinə qaytarılması məsələsi ilə uğurla məşğul olur”,- deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini öz Teleqram kanalında yazıb.

Zelenski daha əvvəl Ukraynada Rusiyanın 765 milyon dollarlıq aktivinə həbs qoyulduğunu bildirib. Onun sözlərinə görə, Rusiya aktivlərinin müsadirəsi ilə bağlı işlər davam edir. Rusiyaya məxsus 900-dən çox obyektin dondurulması nəzərədə tutulur.

Xatırladaq ki, bir müddət əvvəl Ukraynanın baş naziri Denis Şmıqal Ukrayna Nazirlər Kabinetinin Rusiyanın dövlət ərazisindəki əmlakını və aktivlərini müsadirə etmək niyyətini açıqlamışdı. O, qeyd etmişdi ki,  Ukrayna Nazirlər Kabineti Zelenskinin Rusiyanın  əmlakının müsadirə edilməsi haqqında fərmanını təsdiqləyib.

“Bu gün bizim gündəmdə Rusiyanın Ukraynadakı əmlakının və aktivlərinin müsadirəsi ilə bağlı sistem əhəmiyyətli qərarımız var. Obyektlərin siyahısı formalaşdırılıb. Hökumətin qərarına əsasən, xüsusi olaraq Rusiya dövlətinə məxsus 903 obyekt müsadirə olunacaq”, - deyə o bildirib.

Ukraynanın baş naziri qeyd edib ki, bütün əmlak üç kateqoriyaya bölünür: dövlətə məxsus, sanksiyaya məruz qalan vətəndaşların və Rusiya şirkətlərinin və  Rusiya banklarının aktivləri. Şmıqalın sözlərinə görə, müsadirə edilən Rusiya aktivləri dövlətin müdafiəsi və bərpası üçün istifadə olunacaq.

“Ukraynanın bərpası üçün növbəti böyük addım Rusiyanın Qərbdəki aktivlərinin müsadirə edilməsi olmalıdır”,- deyə siyasətçi əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl o  Ukraynanın bərpası planının 750 milyard dollar dəyərində olduğunu bildirmişdi.

Qeyd edək ki, Medvedev içkiyə meylli olduğuna görə tez-tez "sərxoş" açıqlamalarla gündəmə gəlir. Az əvvəl o, Qazaxıstan və Gürcüstanın Rusiya ərazisi olduğunu bildirmiş, amma az sonra həmin paylaşımını sosial şəbəkədən silərək hesabının ələ keçirildiyini yazmışdı.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »