Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondunun İqlim və Enerji Proqramının direktoru Aleksey Kokorin hesab edir ki, qlobal istiləşmə ilə əlaqədar ekoloji dəyişikliklər ən azı 50 il daha davam edəcək.
Bizimyol.info Rusiya mətbatına istinadla xəbər verir ki, İngiltərədə tarixdə ilk dəfə anormal istilər səbəbindən Temza çayının mənbəyi quruyub. Onun çayın başladığı əvvəlki yerdən səkkiz kilometr aşağı sürüşdüyü qeyd edilir. Həm Avropa, həm Rusiya, həm də bütün dünya yüksək tezlikli təhlükəli ekoloji hadisələr, o cümlədən istilik dalğaları ilə təhdid olunur.
“İstilik dalğaları 19-cu əsrlə müqayisədə dünyada beş dəfə çox baş verməyə başlayıb. İndi onlar bir qədər güclü və bir qədər uzundur. Yəni artıq insanların sağlamlığına təsirləri baxımından daha əhəmiyyətli vəziyyətə gəlib”,- deyən klimatoloq qeyd edib ki, mərkəzi Asiyada su problemləri Avropadan qat-qat ciddidir.
Kokorin belə hadisələrin tezliyinin ən azı üç dəfə artacağını deyir. Onun sözlərinə görə, dünyada şirin su çatışmazlığı artacaq. “Əsrin sonuna qədər 3 milyard insan məhz su çatışmazlığına görə qaçqın vəziyyətinə düşəcək”,- deyə o, əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl qeyd edilirdi ki, son illərdə Çinin 131 meteostansiyası tarixi yüksək həddə çatan və ya onları keçən temperaturları qeydə alıb. 2021-ci il ərzində 62 meteoroloji stansiya oxşar temperatur qeydə alıb.
Çin Hava Bürosunun məlumatına görə, ölkə "iqlim dəyişikliyinə həssas bölgə" hesab olunur. 1951-ci ildən bəri temperaturlar hər on ildə 0,26 dərəcə artıb, halbuki qlobal orta göstərici 0,15 dərəcəyə çatıb.
Yerli hakimiyyət orqanları bildiriblər ki, son 70 ildə ölkədə orta torpaq temperaturu bütün dünya ilə müqayisədə çox sürətlə yüksəlib.
İlahin, Bizimyol.info