Almaniya İqtisadiyyat Nazirliyinin rəsmisi Klaus Müller almanları enerji istehlakının ən azı 20 faizinə qənaət etməyə çağırıb.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller almanları dekabr ayına qədər qaz qıtlığından qaçmaq üçün enerji istehlakına qənaət etməyə çağırıb.
“Əgər biz qənaət etməsək və əlavə qaz almasaq, problemimiz olacaq”,- deyə o bildirib. Siyasətçinin fikrincə, Almaniyada qıtlığın yaranmaması üçün qonşu ölkələrə qaz ixracını 20 faiz azaltmalı və 10-15 GVt/saat qaz idxal etməlidir.
Xatırladaq ki, iyulun 27-dən “Qazprom” “Şimal axını” boru kəməri ilə nəqli ümumi gücün 20 faizinə qədər azaldıb. Eyni zamanda qaza qənaət etmək üçün Avropanın iqtisadiyyatına təzyiqi artırıb.
Avqustun 5-də isə Almaniya qaz anbarlarının doluluq səviyyəsinin 70 faizdən yuxarı qalxdığını açıqlayıb. Bu səviyyə qorunub saxlanılarsa, ölkədə yalnız əlavə tədbirlərin tətbiqi ilə anbar tutumunun 95 faizi həcmində ehtiyatlar formalaşdırıla bilər.
“Vəziyyət gərgindir, pisləşməni istisna etmək olmaz”,- deyə agentlik rəsmisi bildiirb.
Xatırladaq ki, “Qazprom” iyunun ortalarından başlayaraq Kanadada təmir üçün dayanmış avadanlıqla bağlı problemləri əsas gətirərək “Şimal axını” ilə nəqli bir neçə mərhələdə azaldıb. Turbin göndərildikdən sonra isə Rusiya sənədləşmə problemlərini və sanksiyalar riskini önə çəkərək, qaz nəqlini artırmaq barədə düşünmədiyini bildirib.
Avropa Komissiyası isə bildirir ki, təmir edilmiş Siemens turbininin Rusiyaya çatdırılması üçün heç bir sanksiya məhdudiyyəti yoxdur.
İlahin, Bizimyol.info