Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bir günlük işgüzar səfəri çərçivəsində Rusiyanın Qara dəniz sahilində yerləşən Soçiyə gedib. Ərdoğan Putinlə görüşəcəyi Sanatorium Rusda mətbuat mənsublarının qarşısına çıxıb.
Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Putin kameralar önündə “Avropa Rusiyadan fasiləsiz təbii qaz axınına görə Türkiyəyə minnətdar olmalıdır” deyib. Putin ikitərəfli sammitdə müzakirə olunacaq mövzuları da sadalayıb. “Biz regional məsələləri, xüsusilə Suriya böhranını da müzakirə edəcəyik. Türkiyə burada vəziyyətin normallaşmasına ciddi töhfə verir”,- deyə Putin bildirib.
Türkiyə prezidenti Ərdoğan isə bunları söyləyib: “İnanıram ki, bu vəsilə ilə Suriyadakı hadisələrə xüsusi diqqət yetirməliyik. Bu, bölgəyə rahatlıq gətirəcək. Bu gün keçirdiyimiz bu ikitərəfli görüş Türkiyə və Rusiyanın bölgədə oynadığı rolu üzə çıxarmaq baxımından çox əhəmiyyətlidir”.
Son 2 həftə ərzində ikinci dəfə təkbətək görüş keçirən liderlər təkbətək görüşdən sonra heyətlərarası görüşə qatılacaqlar. Ərdoğan və Putin aktual qlobal və regional problemlər, həmçinin Türkiyə-Rusiya ikitərəfli münasibətləri ətrafında fikir mübadiləsi aparacaqlar.
Məlumata görə, iki lider Türkiyənin Suriyanın şimalında gözlənilən əməliyyatı, Ukrayna taxılının ixracı, müharibənin son vəziyyəti və son vaxtlar gərginliyin artdığı Dağlıq Qarabağı müzakirə edəcək.
Onu da əlavə edək ki, Ərdoğanı Soçiyə səfəri zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii sərvətlər naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi müşayiət edib.
Leyla, Bizimyol.info