Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslam dini məzar daşları haqqında nə deyir?
İslam dini məzar daşları haqqında nə deyir?

Qəbirstanlıqlarda boyu 2-3 metri keçən, qara və ya müxtəlif rənglərlə bəzədilmiş, sahibinin böyük fotolarını özündə əks etdirən məzar daşlarına yəqin ki, rast gəlmisiniz. Məsələn, kənardan elə bil ki, kimsə ayaq üstə durub, sakit-səssiz sizə baxır. Və yaxud kimsə qarşısına yemək qoyub yeyir. Bir başqası isə, əlini belinə qoyub gülümsünür. Digəri avtomobilinə söykənib, baxışları ilə səni izləyir. Tükürpədicidir, deyilmi?

Bəs İslam dini məzar daşları haqqında nə deyir?

Bu barədə Bizimyol.info xəbər portalının suallarını ilahiyyatçı, fəlsəfə doktoru İbrahim Quliyev cavablandırıb: “Əfsuslar olsun ki, bəzən biz, qəbirstanlığa getdiyimiz zaman xoşagəlməz hadisələrlə rastlaşırıq. Bəzən qəbir daşlarının həddindən artıq bahalı şəkildə, israfa yol veriləcək şəkildə düzəldilməsi, qəbrlərin üzərinə müxtəlif şəkillərin vurulması halları ilə qarşılaşırıq. Dinimiz bunları bizə tövsiyyə etmir. Əlbəttə ki, müəyyən bir baş daşının qoyulması və yaxud müəyyən bir qəbrin üzərinə həmin qəbir kimə məxsusdursa, onun adının yazılması olar. Lakin onu tamamilə xoşagəlməz vəziyyətə gətirməyin heç bir mənası yoxdur” - deyə ilahiyyatçı bildiirb.

O, qeyd edib ki, bura da əlbəttə ki bəzi zümrələr xüsusi istisna təşkil edir. Şəhidlər, alimlər, ömrünü, həyatını dövlətimizin qurulmasına sərf etmiş yüksək səviyyəli şəxslər və s. istisna təşkil edir. Lakin kütləvi şəkil də qəbirlər üzərinə heykəllərin ucaldılması, şəkillərinin ora əks edilməsi və s. bu kimi addımlar tövsiyyə edilmir.

“Yaxşı olar ki, qəbrüstü abidələr də hazırlanarkən sadə şəkildə olsun və yaxud da qəbrlər dinimizin tövsiyyə etdiyi formada olsun” - deyə ilahiyyatçı əlavə edib.

Xatırladaq ki, bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qəbir daşları ilə bağlı qanun layihəsi hazırlamışdı. Layihəyə görə qəbirlər adi daşdan olmalı, baş daşının hündürlüyü 50, sinəüstü daşın hündürlüyü isə 60 sm-i keçməməli idi. Amma görünür bu layihə də, digər layihələr kimi kağız üzərində qaldı. Çünki layihə zamanı aparılan müzakirələr insanların ürəyincə deyildi.

Açığı desək, sağlığında yaxınlarına dəyər verməyən insanların öldükdən sonra onlara iki mərtəbəli qəbir düzəltdirməsi heç də başa düşülən deyil. Etiraf edək ki, qəbiristanlıqlarda qəbir daşlarının ölçüsü, onun ətrafında aparılan abadlıq işləri və düzəldilən abidə, sadəcə ölü sahibinin varlı və ya kasıb olmasını əks etdirir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »