Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Görəsən, dövlət qurumları bu kanalı görmürmü?"
"Görəsən, dövlət qurumları bu kanalı görmürmü?"

Xəzər dənizinin sahilində yerləşən Bakı ətrafı kəndlərdən demək olar ki, təkcə Hövsan kəndində dənizin vəziyyəti həddən artıq ağır və acınacaqlıdır.

Hövsan kəndində Sovet dövründə tikilən və hər gün 100 min kuba yaxın çirkab sularını dənizə atan Hövsan kanalı var ki, uzun illərdir heç bir qurum bu kanalın qarşısını ala bilmir. Bu çirkab sularının dənizə axıdılmaması və yaxud təmizlənərək axıdılması üçün heç bir iş görülmür. Problemin isə əsas səbəbi budur ki, Hövsan kanalına “Balaxanı Oil”, “Suraxanı Oil”, “AzGerneft” MMC-də, eləcə də, Zabrat-1, Zabrat-2, Ramana, Sabunçu, Suraxanı və Binə qəsəbələrində yığılan tullantı sular axıdılır. Və bu vəziyyət uzun illərdir ki, davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə əraziyə baxış keçirib, protokollar tərtib etsə də, problem öz həllini tapa bilmir.

Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Hövsan kanalı qurumun balansında deyil: “Hövsan açıq kanalı bizim balansımızda deyil. Sovet dövründə çəkilmiş və neft mədənlərinin lay sularının axıdılması üçündür”.

Çox maraqlıdır, bu kanal ucqar bir dağ kəndində deyil, Bakıdadır. Amma bu kanala sahib çıxan heç bir dövlət qurumu yoxdur. Hətta bəziləri iddia edir ki, kanalı yerli sakinlər zibilləyir. Bu iddia həddən artıq gülməlidir. Hövsan kəndində kanal olan ərazidə dənizin sahilində vətəndaşın bilərəkdən atdığı məişət tullantılarına rast gəlinmir. Buradakı neft qalıqları, iddia edilən tullantılardan daha çoxdur. Və kanaldan dənizə axıdılan su məişət tullantıları ilə zəngin olduğu üçün dənizin bu ərazisində çox sayda qağayılar yığışır. Ətrafdan gələn üfunət qoxusunu isə, yazı ilə yazıb başa salmaq mümkün deyil. Yaxınlıqda yaşayan sakinlər deyir ki, üfunət qoxusu daha çox yay aylaırnda üzə çıxır.

“Su buxarlandıqca, qoxu dəniz küləyi ilə ətrafa yayılır. Yəni dənizin bu hissəsinə dəniz deyib, suya girmək, sakitlik üçün baxmaq və ya bir stəkan çay içmək üçün uyğun ərazi deyil. Həqiqətən çox maraqlıdır, görəsən, dövlət qurumları bu kanalı görmürmü? Görürsə, niyə bir əncam çəkilmir?” - deyə sakinlər bildirir. Onlar yaxın 30 ildə kanalla bağlı hərhansı bir dəyişikliyin olacağına inanmırlar. Amma bilirlər ki, burada yaşamaq onların sağlamlığı üçün çox təhlükəlidir.

Bəzi sakinlər həyətlərində yaşıllıqlar salır, təbiəti təmizləmə çalışır. Amma dənizdən gələn üfunət, kanalizasiya qoxusu bütün hisslərin üzərindən sözün əsl mənasında qar bir xətt çəkir. Sakinlər daha heç yerə şikayət etməyi düşünmürlər. Deyirlər ki, onsuz da bu vəziyyət düzələn deyil.

Xatrladaq ki, Hövsan kanalı 1902-ci ildə paytaxtın şimal-şərqində qarışıq çirkabı axıtmaq üçün tikilib. Sonradan illər keçib və 1956-cı ildə Neft sənayesinin inkişafı ilə əlaqədar kanal genişləndirilib. Əvvəllər bu kanal Dövlət Neft Şirkətinin balansında olub. İndi isə, kanal sözün əsl mənasında “sahibsiz”-dir.

Xüsusi olaraq vurğulayaq ki, prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”na müvafiq olaraq, Hövsan kanalının yenidən qurulması və onun dənizə çıxdığı yerdə təmizləyici qurğular tikilməli idi. Amma halhazırda təmizləyici qurğu gözə dəymirdi. Bu bir kənara bir neçə illə müqayisədə kanaldan dənizə axıdılan suyun sürətində də artım hiss edilir. Hövsan kanalı təkcə dənizin flora və faunasına zərər vermir, eyni zamanda ətrafda yaşayan insanların sağlamlığı üçün təhlükəlidir. Bununla yanaşı dəniz kənarının bu qədər çirkli olması, çirkab suların belə böyük sürətlə dənizə axıdılması ekologiyaya da böyük zərər vurur.

Ümid edirik ki, çox keçməz, ölkə başçısı yenidən bu məsələyə toxunar. Çünki bu kanal insanlıq üçün təhlükədir. Mövzuya qayıdacağıq.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi

Son xəbərlər
Bütün xəbərlər »