Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda həkimlər Rusiyanın oğurladığı ukraynalıya evə qayıtmağa kömək edib
Belarusda həkimlər Rusiyanın oğurladığı ukraynalıya evə qayıtmağa kömək edib

Ukrayna müharibəsində minlərlə sadə vətəndaş həyatını itirib. Yaralıların sayı daha çoxdur. Təxminən beş milyon ukraynalı ölkəni tərk etmək məcburiyyətində qalıb. Üstəlik, Rusiya ordusunun zorla Ukraynadan apardıqları dinc sakinlər var.

Bizimyol.info xəbər verir ki, belarus həkimlər ukraynalı yeniyetməyə evə qayıtmağa kömək edib. Çerniqovun Yaqodnoe kəndinin sakini Sergey Sorokopudanı yaşadığı ərazidə rusiyalı hərbçilər çiynindən yaralayıb. Onu kəndin 350 sakini ilə birlikdə zirzəmidə saxlayırlarmış. Sergey havaya çıxmaq istəyəndə atəş açılıb, yeniyetmə dərhal huşunu itirib. Sorokopuda sonra xatırlayacaqdı ki, hətta ağzından qan gəlmişdi.

“İki qabırğam sıradan çıxmışdı. Güllə yeri çox ağrıyırdı. Yaxşı ki, adamlar tez köməyə gəlmişdi. Ruslara tərəf aparmışdılar, tibb məntəqəsində ilk yardım göstərilmişdi”.

Amma həmin gün Sergeyə qarşı insani davranış olmayıb. Yeniyetməni yenidən zirzəmiyə qaytarıblar. Halbuki təcili əməliyyata ehtiyac olub. Zamanla onun halı çox pisləşib. Bundan sonra Sorokopudanı Vişnevoe kəndindəki səhra hospitalına aparıblar. Bacısı Alina həmin günləri belə xatırlayır.

“Martın 13-nə qədər kəndin bütün sakinləri ilə birlikdə zirzəmidə saxlanılırdıq. Orada on gün qalandan sonra qardaşımla havaya çıxdıq, həmin an mərmi atıldı, o, yerə yıxıldı. Belarusa məcbur apardılar. Mən onunla getmək istəyirdim, dedilər, yer yoxdur. Doğum haqqında şəhadətnaməsini büründüyü yorğanın altında gizlətdik”.

Sergeyi rusiyalı yaralılarla vertolyotda Belarusa aparıblar. 14 yaşlı yeniyetmə Qomeldə böyüklər üçün nəzərdə tutulmuş xəstəxanaya yerləşdirilib. İki ay müxtəlif tibb müəssisələrində keçirib. İki dəfə əməliyyat olunub.

Rusiya ordusu Çerniqovdan çəkiləndən sonra ailəsi onu axtarmağa başlayıb. Qomeldə işləyən tibb bacıları ilə yazışıblar. Onlar Sergeyin yerini dəqiqləşdirib. Yeniyetmənin saxlanıldığı xəstəxananın həkimləri fədakarlıq nümayiş etdirib. Onlar hərbçilərə Sorokopudanın hələ bir müddət burada yatmalı olduğunu deyiblər. Əks halda ukraynalı əsir həyatı gözləyəcəkdi.

Sergeyin bacısı Alina həkimlərin yaratdığı imkandan istifadə edib, bu müddətdə Polşaya gələrək oradan Belarusa keçib. Həkimlər risk edərək oğlanı bacısına təhvil veriblər. Alina və qardaşı ukraynalı sərhədçilərin ağıllı planı ilə Volın vilayətindəki sərhəd nöqtəsindən Ukraynaya keçə biliblər.

Sergey zamanla özünə gəlməyə çalışır. Amma belarus həkimlərin onun üçün etdiklərini də heç unutmur.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »