Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məscidin qapısı açıq idi, it də abırsız çıxdı: Londonda nə baş verib?
Məscidin qapısı açıq idi, it də abırsız çıxdı: Londonda nə baş verib?

“Dininizi yaxşı öyrənin, yoxsa yaşadığınızı din zənn edərsiniz”, Ömər ibn Xəttab (İslamın ikinci xəlifəsi)

Dünən İngiltərədəki səfirliyimizə özlərini dindar şəxslər kimi göstərən bir qrup təxribatçı tərəfindən hücum olunub və səfirlikdə dalğalanan bayrağımıza qarşı təhqiramiz hərəkətlərə yol verilib. Videogörüntülərdə səfirlik önündə polis səddinin çəkildiyi müşahidə olunsa da, iki saata yaxın həmin polislər səfirliyə hücum edib, binanı dağıdan bu ünsürlərə heç bir müdaxilə etmir. İki saatlıq barbarlıqdan sonra əraziyə xüsusi polis dəstəsi gəlir və təxribatçıları həbs edir. Əgər bu hadisə hansısa zəif, “əldən düşmüş” Şərq ölkəsində baş versəydi, hər bir halda anlamaq olardı ki, dövlətin xarici səfirlikləri qoruya bilmək kimi güclü bir iradəsi yoxdur. Ancaq səfirliyimizin basılıb, bayrağımızın təhqir olunduğu ölkə nə Əfqanıstandır, nə İraq, nə də başqa bir ölkə. Bura İngiltərədir və bu ölkədə səfirliklər ən üst səviyyə təhlükəsizlik sistemləri, həmçinin güclü polis mühafizə dəstələri ilə qorunur. İki saatlıq çapulculuqdan sonra polis qrupunun əraziyə gəlməsi və qrupu dağıdıb həbs etməyə çalışmasında görüntü yaratmaq ehtimalı heç şübhəsiz ki, istisna deyil. Hər halda, bu məsələnin kökü araşdırılacaq və gərəkən cavab gərəkən dairələrə veriləcək.

Mənim diqqətimi çəkən məsələ isə tamam başqadır və çox önəmli bir sual məni narahat edir. Səfirliyimizin binasında dövləti və bayrağı üçün cəsarətli davrana biləcək bir səfir, milli kadr yox idimi? Binada nə üçün bir nəfər də olsun, məsul şəxs gözə dəymirdi? Səfir həmin gün harada idi? Ümumiyyətlə səfirlərimiz, səfirliklərimiz niyə “tökülüb” gedir? Bir ölkənin səfirliyinə tövləyə girərmişcəsinə soxulan, mozalan sancmış uzunqulaq kimi bağırıb, hay-küy salan bu mağara təfəkkürlü ünsürlərə qarşı o bayrağı, binanı mühafizə edəcək, ən azından, qarşılarına çıxıb, iki kəliməlik ifadə işlədəcək bir nümayəndəmiz yox idimi?..

İngiltərə polisini qınamaq lazım deyil, əgər bir səfir məsuliyyət zonasındakı postunu qoruya bilmirsə və bundan daha da betəri, oranı özbaşına tərk edib gedirsə, xarici dövlətin polisi gəlib onun yerinə “döyüşməli” deyil. Ukraynada qızğın müharibənin ortasında başlarına raket, bomba yağışı yağan həmyerlilərimiz Azərbaycan səfirini axtarır, bir də baxırıq, həmin səfir səndemə, öz ölkəsində hansısa konsertdə əylənir. Rusiyada səfir postuna təyin olunan şəxs rusməramlıların laqeydliyindən hər gün daha da gərginləşən Rusiya-Azərbaycan münasibətlərini gözardına vurub, “həftə səkkiz, mən doqquz” Şuşada konsert verir. İngiltərədəki səfirliyimizin binasında isə necə deyərlər, hin-cin top oynayır, bir nəfər də olsun, binada nümayəndə yox. Səfir Elin Süleymanov və onun köməkçiləri həmin gün harada idilər?

Üç min Vətən övladının uğruna canını fəda etdiyi o bayraq bu dəfə qərib bir eldə, barbar bir tayfanın əlində iki saata yaxın əsir qaldı. Bu dəfə məscidin qapısı açıq idi, amma elə it də abırsız çıxdı. Səfirliklərimizsə “çomağı” çoxdan tərk edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »