Abusirdəki (Misir) qəbiristanlıqda alimlər yaşı təxminən 2500 il olan qəribə avadanlıq aşkar ediblər.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Misir və Çexiya mütəxəssisləri qədim misirlilərin mumiyalamaq üçün istifadə etdikləri avadanlıqlar tapdıqları qənaətinə gəliblər.
Avadanlıq Abusirdə bir neçə qədim məqbərənin yerləşdiyi yerin yaxınlığında aşkar edilib. Qəsəbə Qahirədən 25 km cənubda yerləşir.
"Biz kanopik qablardan danışırıq - bunlar ritual qablarıdır. Bir qayda olaraq, insan və ya heyvan başı şəklində qapağı olan alebaster küplərdir. Onlarda qədim misirlilər adətən ölülərin cəsədlərindən mumiyalama zamanı çıxarılan orqanları saxlayırdılar”,- deyə araşdırma müəllifi qeyd edib.
Onların dediyinə görə, anbarda 400-ə yaxın iri keramik qab tapıblar. Qabların üzərində olan qeydlərin bir hissəsi üzərində elm adamları araşdırma aparıblar. Araşdırma zamanı bütün bu artefaktların bir şəxsə - Vahibre-meri-Neithə aid olduğu müəyəyn edilib. İlkin ehtimallara görə, o, Misirin xarici qoşunlarının komandiri olub.
Hələlik elm adamları bu adamın şəxsi küplərinin niyə gizli yerə qoyulduğunu müəyyən edə bilməyiblər. Bununla belə, tədqiqatçılar tapıntıların yer aldığı məqbərənin təxminən eramızdan əvvəl VI əsrdə inşa edildiyini bildiriblər.
Qeyd edək ki, o zaman Misir Fars imperiyasından müstəqilliyini qoruyub saxlamağa çalışırdı. Xatırladaq ki, mumiya cəsədin balzamlanma vasitəsilə çürüməkdən qorunmasıdır. İnsan cəsədlərini mumiyalamaq qədim zamanlardan başlayaraq Çili, Peru, Misir, Çin, Yaponiya, İtaliya, Altay Respublikası (Rusiya), Polşa, Danimarka və dünyanın bir çox ölkələrində həyata keçirilirdi.
İlahin, Bizimyol.info