Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinin raketləri Yaponiya ərazisinə düşüb - Gərginlik son həddə çatıb
Çinin raketləri Yaponiya ərazisinə düşüb - Gərginlik son həddə çatıb

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra bölgədəki gərginlik son onilliklərin ən yüksək səviyyəsinə çatıb.

Belə ki, səfərə cavab olaraq Çinin başlatdığı hərbi təlimlərin bir hissəsi olaraq ötən gün Tayvan sahilləri yaxınlığındakı sulara dəqiq raket zərbələri endirilib.

Bizimyol.info  Associated Press-ə istinadla xəbər verir ki,  Çin Tayvanı təhdid edən hərbi təlimlərini tənqid edən Yeddilik Qrupu və Avropa İttifaqının bəyanatlarına etiraz etmək üçün ölkədəki avropalı diplomatları toplayıb.

Belə ki, Çin Xarici İşlər Nazirliyindən vitse-nazir Deng Li "Çinin daxili işlərinə qeyri-səmimi müdaxilə" adlandırdığı vəziyyətlə bağlı bəyanatlar verib.

Yaponiyanın müdafiə naziri Nobuo Kişi bildirib ki, hərbi təlimlər başlayandan bəri Çin tərəfindən atılan raketlərdən beşi Yaponiyanın əsas adalarından cənubda yerləşən Hateruma yaxınlığındakı Yaponiyanın Eksklüziv İqtisadi Zonasına düşüb. Onun sözlərinə görə,  Yaponiya Çinin raket zərbələrini “Yaponiyanın milli təhlükəsizliyinə və yapon xalqının təhlükəsizliyinə ciddi təhdid” kimi qiymətləndirib. Yaponiya Müdafiə Nazirliyi daha sonra Çinin Fujian əyalətinin cənub-şərq sahillərindən atılan digər dörd raketin Tayvan üzərindən keçdiyini bildirib.

Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki,  Çinin Tayvana qarşı keçirdiyi hərbi təlimlər regional sülh və təhlükəsizliyi təhdid edən ciddi problemdir.

Çin daha əvvəl Pelosinin səfərinə etiraz etmək üçün ABŞ səfiri Nikolas Börnsi çağırmışdı. Spiker prezident Tsai İnq-ven ilə görüşdükdən və digər ictimai tədbirlər keçirdikdən sonra çərşənbə günü Tayvanı tərk edib.

O, Cənubi Koreyaya, sonra Yaponiyaya gedib.  Qeyd edək ki, hər iki ölkə ABŞ hərbi bazalarına ev sahibliyi edir və Tayvanı əhatə edən münaqişəyə cəlb oluna bilər.

ABŞ dövlət katibi Entoni Blinken isə dünən keçirilən brifinqdə çıxış edərək bildirib ki, o Pekinin böhran yaratmayacağına və ya təcavüzkar hərbi fəaliyyətini artırmaq üçün bəhanə axtarmayacağına ümid edir.

“Biz dünya ölkələri hesab edirik ki, eskalasiya heç kimə xidmət etmir və heç kimin maraqlarına xidmət etməyən gözlənilməz nəticələr verə bilər”,- deyə o əlavə edib.

ABŞ qanunları hökumətdən Tayvana qarşı təhdidlərə, o cümlədən blokadalara “ciddi narahatlıq” kimi yanaşmağı tələb edir.

Xatırladaq ki, təlimlər cümə axşamından bazar gününə qədər davam edəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »