Çin Xarici İşlər Nazirliyi, Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimləri tənqid edən G7 və AB-nin bəyanatına etiraz etmək üçün avropalı diplomatları çağırdığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Associated Press yayıb.
Məlumata görə, Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş cümə axşamı axşam baş tutub, diplomatlara “Çinin daxili işlərinə müdaxilə” ilə bağlı etiraz edilib. Hansı Avropa dövlətlərinin səfirlərinin çağırıldığı isə hələ ki, açıqlanmır.
Qeyd edək ki, Çin xarici işlər naziri yaponiyalı həmkarı ilə keçiriləcək görüşü ləğv edib. Buna səbəb isə “Yeddilik Qrupu”nun Çinin hərbi təlimləri üçün heç bir səbəb olmadığına dair bəyanatı göstərilib.
Xatırladaq ki, “Yeddilik Qrupu” ölkələri və Avropa Birliyi öz bəyanatlarında ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfərindən sonra Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimləri tənqid edərək, bunun aqressiv hərbi fəaliyyət üçün səbəb sayıla bilməyəcəyini qeyd ediblər.
Onu da əlavə edək ki, Çin tərəfindən təyin edilmiş təlim zonaları Tayvanın ətrafında yerləşir . Tayvan rəhbərliyi isə Çini faktiki blokadada ittiham edir.
Hətta bir gün əvvəl Yaponiya Çin raketlərinin ilk dəfə sularına düşdüyünü bildirmişdi.
Leyla, Bizimyol.info