Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Zelenskiyə ünvanlanan təslimçilik tövsiyələri çox iyrəncdir”
“Zelenskiyə ünvanlanan təslimçilik tövsiyələri çox iyrəncdir”

“Ukrayna prezidenti Vladimir Zelenski ölkəsindəki müharibəni necə bitirə biləcəyi ilə bağlı çoxlu məsləhətlər alır. Və əksəriyyət ona suverenliyi sülhlə dəyişdirməyi məsləhət görür. Çoxu hesab edir ki, Zelenski Rusiya prezidenti Vladimir Putinə Ukrayna ərazisinin daha bir hissəsini versə, müharibə bitər”,

Bizimyol.info xəbər verir ki, bu barədə “The Washington Post”-un məqaləsində deyilir.

Nəşrin məlumatına görə, may ayında Zelenski bildirib ki, Fransa prezidenti Emmanuel Makron “Putinin simasını xilas etmək üçün mənə suverenliyimizlə bağlı güzəştlərə dair bəzi şeylər təklif edib”. Henri A.Kissincer də bu məsləhəti təkrarlayıb. Həmin ay Ümumdünya İqtisadi Forumunda çıxış edən ABŞ-ın keçmiş dövlət katibi Putininin utancverici məğlubiyyətə sövq edilməməsi üçün Zelenskiyə müharibəni bitirmək məqsədilə Ukrayna ərazilərindən imtina etməyi təklif edib.

Nəşr bildirir ki, bu məsləhətçilər ordusunda az adam müdrikliyini Moskvaya yönəldir.

“Nə üçün heç kim Putinə onun işğalına son qoyması ilə bağlı məsləhət vermir? “Müharibə iddiasına” qarşı iddia olaraq “diplomatiya iddiası” hazırladıqlarını iddia edənlərə, zəhmət olmasa, Putini münaqişəni dayandırmağa necə inandıracağınızı və ya məcbur edəcəyinizi ətraflı izah edin. Əsl diplomatiya tanqoya iki nəfər aparır. Yalnız Zelenskiyə ünvanlanan təslimçilik tövsiyələri çox iyrəncdir. İyrəncdir ona görə ki, Zelenski Putini işğala təhrik etməyib. Rusiya Ukraynadan heç bir təhlükəsizlik təhdidi ilə üzləşməyib. Putin indi Ukraynanın iki bölgəsini – Donetsk və Luqanskı müstəqil dövlətlər kimi tanıyıb və o, “Novorossiya” adlandırdığı ərazini təşkil edən digər cənubi Ukrayna şəhər və rayonları ilə birlikdə onları ilhaq etməyi planlaşdırır. Putinə daha çox ərazi verməklə onu razı salmağa çalışmaq ilhaqı normallaşdırar və imperializmi mükafatlandırardı”,- deyə məqalədə qeyd edilib.

İkinci Dünya Müharibəsindən sonra böyük dövlətlər ilhaqın qarşısını almaq və müstəmləkəçiliyə son qoymaq üçün bir sıra normaları təsdiqləyiblər. İndi Putinə daha çox Ukrayna torpağının verilməsi təkcə Ukraynanın suverenliyini kökündən pozmayacaq, həm də İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq sistemin dağılması təhlükəsi yarada bilər. Əgər Rusiyaya qonşu əraziləri zorla ilhaq etməyə icazə verilsə, digər ölkələrin də eyni şeyi etməsinə nə mane olacaq?

Nəşr Zelenskiyə Ukrayna torpaqlarından sülh naminə imtina etməyi məsləhət edən şəxsləri sadəlöv adlandırıb.

“Putin 2014-cü ildə Ukraynanın bir hissəsini ilhaq edib. Krımın fəthi onu o zaman doydurmadı. Nəyə görə Putin 2022-ci ildən yeni qazancları “cibinə atıb”, sonra başqa müharibəyə hazırlaşmasın ki? Putin iddia edir ki, ukraynalılar sadəcə ləhcəli ruslardır və dövlətçiliyə tarixi iddiası yoxdur. Putin həmçinin Ukraynanı demokratik yolla seçilmiş Zelenskini devirmək üçün “denazifikasiyaya” söz verib.

Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın bu müharibə məqsədini bir daha təsdiqləyərək “biz Ukrayna xalqına tamamilə xalqa və tarixə zidd olan rejimdən qurtulmaqda mütləq kömək edəcəyik” demişdi. Onsuz da Putin ölkənin paytaxtı Kiyevi ələ keçirməyə cəhd edib və o, bir dəfə də olsun bu hərbi hədəfdən əl çəkdiyini qeyd etməyib”,- deyə məaqlədə bildirilir.

Sonda bildirilir ki, əgər Zelenski bu gün Putinə daha çox Ukrayna ərazisi versə, Putin sabah daha çox torpaq, Ukrayna hökuməti üzərində daha çox təsir və əlbəttə ki, bütün Ukraynada daha çox nəzarət tələb edəcək.

“Döyüş meydanında çıxılmaz vəziyyət yaranmasa, Putin heç vaxt danışıqlar aparmayacaq. Ukrayna ordusu Rusiya ordusunu nə qədər tez dayandıra bilsə, Putinin müharibəsi bir o qədər tez bitəcək.

Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün əsas qərar verən Zelenski deyil, Putindir. Əgər sizin sülh planınız Putinin hesablamalarını dəyişdirmək üçün bir yol göstərmirsə, bunda real heç nə yoxdur”,-deyə nəşr bildirir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »