Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin keçmiş arvadı necə zənginləşir: meriya, banklar, Avropada evlər...
Putinin keçmiş arvadı necə zənginləşir: meriya, banklar, Avropada evlər...

Rusiyada müxalif lider və bloger Aleksey Navalnı həbsdə olsa da, onun silahdaşları sakit dayanmır. Onlar Rusiya hökuməti, onların ailə üzvlərilə bağlı korrupsiya araşdırmalarını davam etdirirlər.

Bizimyol.info xəbər verir ki, Navalnının jurnalist həmkarları bu dəfə prezident Vladimir Putinin keçmiş həyat yoldaşı Lüdmila haqqında araşdırma ortaya qoyublar. Boşanandan sonra onun İspaniyada əvvəllər məlum olmayan daşınmaz əmlakı üzə çıxıb. Eyni zamanda, məlum olub ki, o, hər il Moskva meriyasından və dövlət banklarından yüzmilyonlarla rubl əldə edir.

Araşdırmalardan sonra jurnalistlərin gəldiyi qənaətə görə, Vladimir Putinin Lüdmila ilə nikahı təxminən 30 il davam etsə də, bunun 20 ilini o, xoşbəxt olmayıb: “Lüdmila Almaniyadakı rəfiqəsi İren Pitşə gileylənirmiş ki, əri onun həyatında baş verənlərlə maraqlanmır, evdə ona qarşı sanki xidmətçi personaldan biri kimi davranır. Rusiyaya köçəndən sonra da bu cür münasibət davam edib. Hətta Lüdmilaya alman rəfiqəsilə ünsiyyət saxlamaq da qadağan edilib”.

2013-cü ildə boşanmadan sonra prezident Putinin yazdığı bəyannamədən belə görünürdü ki, həyat yoldaşına heç nə verilməyib. Çünki əvvəlki bəyannamələrdə onun rəsmi şəkildə açıqladığı əmlakların hamısı yenə də özündə idi.

Əslində isə Lüdmilanın əldə etdikləri var idi. Araşdırmaçı jurnalistlər də hesab edir ki, nikahdan fərqli olaraq, bu məsələdə onun bəxti daha çox gətirmişdi.

Lüdmila Putina 2000-ci ildən Rus dilinin İnkişafı Mərkəzini idarə edirdi. Bu mərkəz rus dilinin təbliğinə, Rusiyanın xaricdə müsbət obrazının yaranmasına xidmət etməliydi. Yəni Mərkəz məhz bu məqsədlə yaradılmışdı.

“Lüdmila uşaq kitabları və rus dili mövzusunda bir neçə tədbirdə, dəyirmi masalarda olmuşdu. Qazaxıstanda rus dili ilə bağlı müsabiqənin qaliblərini təbrik etmişdi. Fransada rus dilini öyrənən yerli məktəblilər üçün sessiyalar keçirmişdi”, - araşdırmaçı jurnalistlər Rusiyanın keçmiş birinci xanımının o dövrdəki fəaliyyətini belə təsvir edir.

O zaman Moskva meriyası bu Fond üçün torpaq sahəsi və malikanə ayırıbmış. Meriya bu qərarını “"Rusiyanın milli maraqlarının təşviqi” ilə izah edib. 2013-cü ilə yaxın bina yenidən qurulub: günbəzi dəyişilib, daha iki mərtəbə əlavə olunub. Bundan əvvəl – 2009-cu ildə binanın “tarixi abidə” statusu müvəqqəti götürülüb. Rus dilinin İnkişafı Mərkəzinin adı da dəyişərək, Şəxsiyyətlərarası Münasibətlərin İnkişaf Mərkəzi olub. Hazırda bu quruma Lüdmilanın prezidentdən boşandıqdan sonra evləndiyi əri – “Rossiya” telekanalının keçmiş əməkdaşı Artur Oçeretnı rəhbərlik edir.

Mərkəzin məqsədi isə Rusiya cəmiyyətində müxtəlif sosial əhəmiyyətli məsələlərin həlli üçün şərait, ölkədə əlverişli psixoloji mühit yaratmaqdır. Belə rəsmiləşdirilib ki, Mərkəz öz ərazisini Lüdmilanın şəxsi şirkəti olan “Meridian”a, şirkət də öz növbəsində VTB, “Sberbank” və başqa banklara icarəyə verir. Bütün qazanc son nəticədə Lüdmilaya çatır. O, banklardan aldığı icarə pulundan qat-qat az icarə haqqı ödəyir. Söhbət “Meridian” adından ödədiyi vəsaitdən gedir.

Lüdmilanın şirkəti - “Meridian” ildə 250 milyon rubldan çox gəlir əldə edir. Bunun da 150 milyondan çoxunu VTB və “Sberbank” verir. “Əslində, Putinin keçmiş həyat yoldaşına zəngin yaşaması üçün Moskvanın mərkəzində 10 milyard rubl dəyərində malikanə və torpaq sahəsi verilib”, - araşdırmaçılar belə nəticəyə gəlib.

Mərkəz həmçinin Moskva meriyasından, “Qazprombank”dan, Putinə yaxın oliqarx Aleksey Mordaşovdan da pul almaqda davam edir. Mərkəz son üç ildə təkcə meriyadan 175 milyon rubl, “Qazprombank”dan 140 milyon rubl pul alıb. Bu pullar da son nəticədə Lüdmilanın cibinə gedir.

Bütün bunlarla yanaşı, araşdırmaçılar Lüdmilanın Fransanın Biarritz şəhərində villasını, Davosda (İsveçrə) bir mənzilini, ispaniyanın Malaqa şəhərində iki evini də ortaya çıxarıblar.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »