Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir insan sehr və cadunu başqaları üzərində tətbiq edəcəksə, haramdır"
"Bir insan sehr və cadunu başqaları üzərində tətbiq edəcəksə, haramdır"

“Əlbəttəki qəzavü-qədər məsələsi islam mədəniyyəti tarixində fundamental və mühüm yerə sahibdir. Həm Quran-i Kərimdə, həm də hədis mənbələrində bu mövzuda bir çox ayə və hədislər var. Eyni zamanda müsəlman mütəfəkkirlərin, müsəlman alimlərin bu mövzuda kifayət qədər yozumları vardır. Qəzavü-qədər varmı, insan kənar qüvvələr vasitəsi ilə özünün və ya başqalarının həyatına müdaxilə edə bilərmi? Bu sualların cavablandırılması bir proqramın mövzusu deyil. Çünki çox ağır və fundamental mövzudur”.

Bu barədə Bizimyol.info xəbər portalına fəlsəfə doktoru, ilahiyyatçı İbrahim Quliyev danışıb. Onun sözlərinə görə, qəzavü-qədər məsələsi elə bir məsələdir ki, insan taleyində olan hadisələrin bir hissəsi insanın öz əlindədir, digər bir hissəsi isə insanın fiziki gücündən kənardır. Məsələn bir insanın oğlan və yaxud qız kimi doğulmağı, bir insanın bədən üzvlərinin hansı formada olmağı, bir insanın hansı bir millətə mənsub olmağı insanın öz əlində deyil. Bunlar uca rəbbimiz tərəfindən müəyyənləşdirilmişdir. Və burada ona heç bir təsir, təzyiq ola bilməz. Yəni insana aid elə məsələlər var ki, o birbaşa uca Rəbbimizin ixtiyarındadır və onun hökmü altındadır. Lakin elə məsələlər var ki, o məsələlər insanların öz əlindədir.

“Uca Rəbbimiz buyurur ki, onlar öz davrnışlarını, öz xislətlərini dəyişmədikcə Rəbb onları dəyişməyəcək. Məsələn, bu gün bir insanın bir əməli edib etməməsi onun ixtiyarındadır. İnsan istəsə günah işlərlə məşğul olar, istəsə savab işlərlə məşğul olar. Günah və ya savab işlərlə məşğul olmaq insanın öz ixtiyarındadır. Belə olduğu təqdirdə, uca rəbbimiz bizlərə hər iki yolu göstərmiş. Yaxşı olar ki, insan onun üçün ən yaxşı olan müəyyən edilmiş yolu seçsin və onu Cənnətə aparan yolu seçsin” - deyə ilahiyyatçı qeyd edib.

İlahiyyatçı, astrologiya və münəccimlik elmləri barədə də danışıb. Onun sözlərinə görə, astrologiya elmi ilə məşğul olmağı islam tövsiyyə etmir və islamda bu elm müəyyən mənada qadağan edilib.

“Bir insanının münəccimlik edərək başqalarının taleyinə müdaxilə etməsi və yaxud bunu bir sənətə çevirib başqaları haqqında müəyyən məlumatları paylaşması qadağan edilib. Məsələn, bəzən görürsən ki, bir insan bir münəccimin yanına gedir, o münəccim “sənin taleyində filan hadisələr baş verəcək” deyir və nəticədə verilmiş xəbərdən həmin şəxs ciddi həyəcan keçirir, psixoloji sarsıntıya düşmüş olur. Bu da müəyyən vaxtdan sonra orqanizmində müxtəlif nevroloji xəstəliklərin baş qaldırmasına da səbəb ola bilər. Buna görə də islam dini astrologiya (münəccimlik) ilə məşğul olmağı xoş görmür, onunla məşğul olmağı qadağan edir” - deyə ilahiyyatçı bildirib.

“Bir insan sehr və cadunu öyrənib, başqaları üzərinə tətbiq edəcəksə, haramdır. Əgər adam sehr və cadunu bir elm kimi öyrənir, lakin onu kimsə üzərində tətbiq etməyəcəksə nəzəri cəhətdən öyrənməyin heç bir qəbahəti yoxdur. Astralogiyanı da nəzəri cəhətdən öyrənməyə icazə var, lakin onu tətbiq etmək və ulduzlu səmada baş verən bəzi hadisələri insanın taleyi ilə əlaqələndirmək, onları həyəcana gətirmək, onları psixoloji sarsıntıya salmaq qəti şəkildə yol verilməzdir” - deyə ilahiyyatçı əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »