Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda çimərlik geyiminə görə insanları təhqir edən ilahiyyatçıya xəbərdarlıq olundu
Bakıda çimərlik geyiminə görə insanları təhqir edən ilahiyyatçıya xəbərdarlıq olundu

Çimərlik paltarında olan qadınlar və onların həyat yoldaşları haqqında onların ləyaqətini aşağılayan fikirlər səsləndirmiş ilahiyyatçı Təyyar Hüseynliyə prokurorluqda rəsmi şəkildə xəbərdarlıq edilib. İlahiyyatçı ilə yanaşı, həmin fikirlərinə görə sosial şəbəkələrdə onu qınayan, ünvanına kəskin fikirlər səsləndirən şəxslərə də xəbərdarlıq olunub.

Bu barədə Bizimyol.info-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda ilahiyyatçı ilə yanaşı, xəbərdarlıq edilən digər şəxslərin də adları açıqlanıb. Bunlar Mübariz Sadıqlı, Nicat Dadaşov, İrşad Muradov və digərləridir.

Prokurorluq bildirir ki, hər iki tərəf Azərbaycan cəmiyyətində mövcud dəyərlər baxımından təhqir hesab olunan fikirlər səsləndirib. Həmçinin şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar yayılıb.

Təyyar Hüseynli Təyyar Hüseynli

Prokurorluq vurğulayıb ki, həm ilahiyyatçı, həm də sonradan onun dediklərinə sərt şəkildə etiraz edənlərin əməlində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” haqqında qanunun 13-2.3.2 (zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışlar) və 13-2.3.9 (təhqir və ya böhtan xarakteri daşıyan, şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar) maddələrinin pozuntusuna yol verilib.

Məlumata görə, adları çəkilən şəxslərlə prokurorluqda aparılmış söhbət zamanı onlar əməllərinin ictimai təhlükəli nəticəsini vaxtında dərk etmədiklərini bildiriblər. Həmçinin bu cür yazıların yanlış olduğunu artıq dərk etdiklərini, bir daha belə pozuntulara yol verməyəcəklərini deyiblər.

“Bunları nəzərə alaraq, prokuror xəbərdarlıq elan edilməsilə kifayətlənib”, - deyə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

İlahiyyatçı Təyyar Hüseynli iyulun sonunda çıxışında çimərliklərin ayrılmasının vacibliyini dilə gətirmişdi.

“Çimərlikdə qadınların hər tərəfini bütün kişilər görür. Bəs bu qadınların əri nə düşünür? Bu insanlarda bir namus, qeyrət yoxdurmu? Azərbaycan kişisi, müsəlman bir kişi necə bunu açıq-aşkar sərgiləyir, mən anlamıram. Müsəlman kişinin yanındakı qadın geyiminə diqqət etməlidir...”, - Təyyar Hüseynlinin bu fikirləri sosial şəbəkələrdə müzakirələrə yol açmışdı.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »