Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hamını hədələyir: “ABŞ-ın çaldığına oynamayın”
Çin hamını hədələyir: “ABŞ-ın çaldığına oynamayın”

ABŞ-dan sonra Böyük Britaniyanın Tayvana yüksək səviyyədə səfər edəcəyi ilə bağlı iddialar Çinin qəzəbinə səbəb olub. Çindən verilən açıqlamada britaniyalı qanunvericilərin Nensi Pelosinin yolunu izləyərək Tayvana səfər edəcəkləri halda "ağır nəticələrlə" üzləşəcəkləri bildirilib.

Bizimyol.info xəbər verir ki, “Vahid Çin” siyasəti çərçivəsində Tayvanı öz ərazisi hesab edən Çin, ABŞ və Tayvan arasında gərginlik aylardır davam etsə də, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin adaya səfəri ilə bölgədəki gərginlik daha da artıb.

Məlumata görə, Pelosi dünən Tayvanı tərk edib, lakin Çinin qəzəbi səngiməyib və bu gün səhər saat 7:00-dan etibarən adanın ətrafında genişmiqyaslı hərbi təlimlərə start verilib. Çinin döyüş gəmiləri və təyyarələrinin beynəlxalq agentliklər tərəfindən fotoşəkilləri çəkilib.

Çin bir-birinin ardınca ABŞ və Tayvana sərt mesajlar verirkən, bu dəfə başqa bir ölkəni hədəfə alıb. Çinin Böyük Britaniyadakı səfiri Zheng Zeguang mətbuat konfransı keçirərək bildirib ki, əgər britaniyalı qanunvericilər Nensi Pelosinin yolunu izləsələr və Tayvana səfər etsələr, bunun “ağır nəticələri” olacaq.

Britaniyalı siyasətçilərin Tayvan məsələsinin həssaslığını qiymətləndirmələrinin lazım olduğunu bildirən Zeguang “ABŞ-ın çaldığına oynamayın” xəbərdarlığını edib.

Bildirilir ki, səfirin bəyanatı məhz Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasının regionda gərginliyin artmasına baxmayaraq, Xarici Əlaqələr Komitəsinin noyabr və ya dekabr aylarında Tayvana səfər etməyi planlaşdırması ilə bağlı iddialarından sonra verilib. Britaniya mətbuatında yer alan iddialara görə, Mühafizəkarlar Partiyasının deputatı Tom Tugendhatın rəhbərlik edəcəyi səfərin dəqiq tarixləri də daxil olmaqla bütün məlumatlar gizli saxlanılır.

Onu da əlavə edək ki, İngiltərədə baş nazirlik uğrunda mübarizə aparan Mühafizəkarlar Partiyasının namizədləri Rişi Sunak və Liz Trussun bəyanatlarında əsas mövzulardan biri də Çin olub. Böyük Britaniyanın xarici işlər naziri Liz Trussın Tayvanın özünü Çindən qoruya bilməsi üçün Qərb ölkələrinə Tayvanı “silahla təmin etməyə” çağırması Çin üçün son damla olub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien baş nazirliyə namizədlər Rişi Sunak və Liz Trussın məsuliyyətsiz açıqlamalardan çəkinmələri lazım olduğunu ifadə edərək "Çinə qarşı təhdidi şişirtmək sizə siyasi qazanc gətirməyəcək ",- deyə bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »