Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin Ərdoğana yeni təşkilatda üzvlük təklif edəcək" - Rusiya mətbuatı
"Putin Ərdoğana yeni təşkilatda üzvlük təklif edəcək" - Rusiya mətbuatı

Türkiyə prezidenti Ərdoğan iyul ayında İranda keçirilən üçtərəfli sammitdən sonra sabah Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırlaşır.

Bizimyol.info xəbər verir ki, görüşdən əvvəl Rusiya mətbuatı müzakirə olunacaq məsələləri gündəmə gətirib. Rusiyada yayımlanan və "Russia Today"in bir hissəsi olan "İnosmi" müzakirə olunan ən mühüm məsələnin Türkiyənin Suriyaya qarşı mümkün əməliyyatı olacağını açıqlayıb. Qəzet Ərdoğanın Tehranda Suriya ilə bağlı İran prezidenti və Putin tərəfindən təzyiqlərə məruz qaldığını və bu çərçivədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Suriyadakı terrorçulara qarşı Əsəd rejiminə dəstək verəcəkləri ilə bağlı açıqlama verdiyini yazıb. Görüşlərdə Ankara ilə Dəməşqin barışıqda israrlı olduğu və müsbət nəticələrin əldə olunmağa başladığı da vurğulanıb.

Qeyd olunub ki, iki lider təkcə Suriya faylını deyil, həm də Qara dəniz, Qafqaz, Liviya, Qırmızı dəniz və Orta Asiya ölkələri ilə bağlı məsələləri müzakirə edəcək. Çin-Tayvan böhranının da mühüm gündəm mövzusu olacağı vurğulanıb.

Qəzet həmçinin Ərdoğanın Rusiya lideri ilə görüşünün əhəmiyyətinə də diqqət çəkib və bildirib: “Onun gücü sarsılır və Putin onu yenidən xilas etməyə hazırdır”.

Bildirilir ki, görüş zamanı Putinin “türk lirəsinin yenidən dəyər qazanmasına kömək etmək üçün” Ərdoğanı BRİKS-ə üzv olmağa dəvət etməsi də təklif edilib. BRİKS termini Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın iqtisadiyyatlarına istinad etmək üçün istifadə olunur.

Putinin Ərdoğanı BRİKS-ə dəvət etdiyini qeyd edən Rusiya qəzeti bunun türk lirəsinə olan güclü təzyiqi azaldacağını, enerji alışı üçün xarici valyutanın davam edən tükənməsini dayandıracağını, Türkiyəni Rusiya qazının cənub və mərkəzi Avropaya nəqlində əsas mərkəzə çevirəcəyini bildirib. Ərdoğanın türk lirəsinə təzyiqi azaltmaqla seçkilərə daha güclü əllə daxil olmaq istəyəcəyi də vurğulanıb.

Təşkilatın fəaliyyətindən məsul olan BRİKS Beynəlxalq Forumunun prezidenti Purnima Anand Rusiyanın "İzvestiya" qəzetinə verdiyi açıqlamada Türkiyə, Misir və Səudiyyə Ərəbistanının ən qısa zamanda təşkilata üzv olmasını istədiklərini bildirib.

Keçən ay onlayn olaraq keçirilən 14-cü BRİKS Sammitində Çin, Rusiya və Hindistan rəsmilərinin görüşlərində üç ölkənin mümkün üzvlüyünün müzakirə edildiyini ifadə edən Anand “bu ölkələr iştirak etmək istəklərini bildiriblər və üzvlük müraciətlərinə hazırlaşırlar. Hesab edirəm ki, bu, çox yaxşı addımdır, çünki genişlənmə həmişə müsbətdir. Bu, şübhəsiz ki, BRİKS-in dünyada təsirini artıracaq”,- deyə əlavə edib.

Digər tərəfdən, Soçi görüşündə Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl dəhlizi sazişinin və Akkuyu Atom Elektrik Stansiyasının fəaliyyətinin də müzakirə ediləcəyi bildirilib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »