Rusiyanın Ukraynada başladığı müharibəyə lazımi daxili etiraz hiss olunmur. Əlbəttə, narazılıq sədaları eşidilir, amma ciddi müqavimətdən danışmağa dəyməz. Saxarov mərkəzinin rəhbəri Sergey Lukaşevski Almaniya mətbuatına müsahibəsində bunun səbəblərindən danışıb.
Bizimyol.info xəbər verir ki, qurum başçısı Rusiyadakı daxili ictimai-siyasi vəziyyəti Brejnev, hətta Stalin dövrü ilə müqayisə etməyin tərəfdarıdır. Hüquq müdafiəçisi özü müharibə başlayandan sonra vətənində qala bilməyib, Berlinə köçüb. Lukaşevski deyir ki, Rusiyada qalsaydı, həbs olunacaqdı.
“İndiki repressiyalar daha çox 37-ci ili xatırladır. Amma bu dönəm də Stalin dövrünə tam oxşamır. Stalinin məqsədi başqa idi. O, böyük kütləni öz hədəfləri üçün istifadə edirdi. Zavodlar tikdirirdi, kütləvi şəkildə müharibəyə göndərirdi. Stalin cəmiyyət üzərində total nəzarət saxlamaq istəyirdi. Buna görə də kütləvi repressiyalar həyata keçirilirdi, milyonlar bundan əziyyət çəkirdi. Bu hakimiyyətin isə məqsədi başqadır. Kreml istəyir ki, cəmiyyət loyallıq nümayiş etdirsin, yolu kəsməsin, mane olmasın. Bu, seçmə repressiyadır. Məqsəd qorxutmaqdır. Bu mənada Brejnev dövrü ilə paralellər aparmaq olar”.
Lukaşevski inanır ki, Rusiya hakimiyyəti hər cür qəddarlığa qadirdir. Buna görə də müharibənin ilk günlərində etiraz edənlərin çoxu ölkədən gedib. Çünki Putin rejimi məqsədinə çatmaq üçün qarşısına çıxan əngəlləri ağına-bozuna baxmadan məhv etməyə hazırdır.
“Biz Rusiyada kütləvi etirazlar görməyəcəyik. Bunun üçün struktur və liderlər olmalıdır. Geridə qalan 20 ildə bunun məhvi üçün hər şey edilib. Ona görə də Navalnının siyasi təşəbbüsləri hakimiyyət üçün qorxulu görünürdü. Amma bilin ki, əbədi Rusiya İmperiyası anlayışı olmayacaq. Sadəcə, hakimiyyətini bütün vasitələrlə qorumağa çalışan diktator var. İnsanları necə ələ ala bilər? Sovet İttifaqı xiffəti ilə. İnsanlarda 90-cı illərin travması qalıb, azadlıqlar çox idi, amma ağır yaşayırdılar. Yeni reallığa keçid çox çətin alınmışdı. Putin də bunu öz məqsədi üçün istifadə edir. O, insanlara aşılamağa çalışır ki, istəsəniz də, istəməsəniz də, bu sizin taleyinizdir”.
Aytən, Bizimyol.info