Acun Ilıcalı Türkiyə televiziyasının ən bacarıqlı simalarından sayılır. Uzun illər müxbir kimi işləyib. Sonra telekanal rəhbərinə çevrilib. İndi xeyli böyük layihələr həyata keçirir, iri media-holdinqin başçısıdır. Acun Ilıcalı həm də Türkiyənin ən varlı insanlarından hesab olunur.
Bizimyol.info xəbər verir ki, “Survivor” layihəsi təkcə qardaş ölkədə yox, Azərbaycanda da populyardır. Yarışmanın rəsmi səhfilərində yazılan rəylər azərbaycanlıların bu layihəyə necə böyük maraq göstərdiyini ortaya qoyur.
“Survivor”la bağlı böyük qalmaqal yaşanır. Son yarışmanın iştirakçıların biri Acun Ilıcalını məhkəməyə verib. Əvvəllər də bu layihədə yer almış, “Survivor All Star 2022”-də ücüncü yeri tutmuş Batuhan Karacakaya haqlarının pozulduğunu düşünür.
İştirakçı hələ bir müddət əvvəl sosial media hesabında sözü olduğunu yazmışdı. Sonra məsələdən xəbər çıxmamışdı. İndi isə Türkiyə mediası onun Acun Ilıcalını məhkəməyə verdiyini yazır.
Problem nədədir? Belə görünür ki, Batuhan “Survivor All Star 2022”-də ədalət prinsiplərinə əməl olunmadığına əmindir. Karacakaya yarımfinalda Nisa Bölükbaşıya uduzmuşdu. Qadın iştirakçı bundan sonra Adəm Kılıççıya da üstün gələrək çempionluğunu elan etmişdi. Yarışma başa çatar-çatmaz iştirakçıların bəzisinin narazılıq sədaları eşidilməyə başladı. Batuhan və Adəmlə yanaşı, Nagihan Karadərə də etirazını ifadə edirdi. Hər üçü nəticələrin doğru hesablanmadığını fikirləşir.
Batuhan Karacakayanın narazılığı daha böyükdür. O, mükafat kimi qazandığı avtomobili hələ də əldə edə bilmədiyini deyir. Avtomobilin dəyərinin 3 milyon lirə (təxminən 285 min manat) olduğu bildirilir. Batuhan bir aydan çoxdur avtomobilin yolunu gözləyir. Yarışmanın iştirakçısı iddia ərizəsində məhz bu faktı önə çəkib.
“Survivor”la bağlı əvvəllər də narazılıqlar eşidilib. Amma qəribədir ki, Acun Ilıcalı qısa zamanda qalmaqalların böyüməsinə imkan verməyib. Media maqnatının nüfuzundan istifadə edərək etirazçıları susdurduğu iddia olunur. İlk dəfədir məsələ məhkəməyə gedib çıxır.
Aytən, Bizimyol.info