“Biz hamımız bir planetdə yaşayırıq və dünyanın harasında olmasından asılı olmayaraq, hansısa bir müharibə və ya konflikt baş verirsə, istər istəməz hər ölkəyə təsir göstərir. Bu günkü gündə də Ukrayna və Rusiya arasındakı gərginliyin bizə də təsiri var. İstər turist axını baxımından, istərsə də iqtisadiyyat baxımından, hər tərəfdən bizə də təsiri var”.
Bu barədə Bizimyol.info xəbər portalına numeroloq Xəyal Məmmədov danışıb. Onun sözlərinə görə, Azərbaycanın diplomatiyası və xarici siyasəti onu göstərir ki, Azərbaycan Ukrayna-Rusiya müharibəsindən mümkün qədər zərər çəkmədən çıxacaq.
“Son 2-3 ildə baş verən hadisələr də bunun bir daha sübutudur. Əlbəttə ki, o neqativ təsir istər istəməz bizə də olacaq. Necə ki, bu təsiri artıq hiss edirik. Çünki biz həmişə istər Rusiya ilə, istərsə də Ukrayna ilə eyni dərəcədə pozitiv münasibətlərdə olmuşuq. Bu gün də mən müşahidə edirəm. İnsanlar arasında fikir mübadiləsi yaranır, biri Rusiyanın tərəfini tutur, digəri Ukraynanın tərəfini tutur. Mən məsləhət görərdim ki, hər millət öz tərəfini tutsun. Azərbaycanın ağır günləri olanda da hər kəs bir o qədər də bizim tərəfimizdə deyildi. Hər bir dövlət başçısı, hər bir dövlət ilk öncə öz marağını güdməlidir, yəni öz ölkəsinə uyğun davranmalıdır. Bu səbəbdən də Azərbayvcanın bu gün sərgilədiyi mövqeyini nəzərə alaraq, demək olar ki, Azərbaycan üçün hər şey yaxşı olacaq. Bütün bunlara baxmayaraq, müvəqqəti çətinliklər üzərimizdə hiss olunacaq. Çünki bu olmadan mümkün deyil”,- deyən numeroloq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan 99 faiz bu imtahandan çıxacaq.
Xəyal Məmmədov 2020-ci ildə Qarabağ müharibəsi ilə bağlı verdiyi proqnozları da xatırladıb. O, qeyd edib ki, 2020-ci il üçün də Qarabağda olan müharibə ilə bağlı proqnoz özünü doğruldub: “2021-ci ildə 2022-ci il üçün də proqnoz vermişdim. Dünyada 3-cü dünya müharibəsinin başlaması haqqında fikirlərimi bildirmişdim. Düzdür, bu gün də rəsmən heç bir ölkə heç birinə müharibə elan etməyib, amma başa düşürük ki, bu, 3-cü dünya müharibəsinin fraqmentidir. Artıq Rusiya ilə Ukrayna arasındakı çaxnaşma elə bir dövrə çatıb ki, orada bütün ölkələrin bir qismi Ukraynaya kömək edir, bir qismi Rusiyaya. Dünya müharibəsinin yeni bir üsulu gedir”.
Numeroloq vurğulayıb ki, 2022-ci il özü çox neqativ ildir. Bu il itkilərin sayı çox olacaq. Çünki 2 rəqəmi münasibətləri əks etdirir. İki rəqəminin çoxluğu isə, münasibətlərə təsir edir.
İlahin, Bizimyol.info