Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin hay-küy salsa da, Pelosi dediyini etdi
Çin hay-küy salsa da, Pelosi dediyini etdi

Tayvana səfəri ilə Çin və ABŞ arasında böhrana səbəb olan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvan lideri Tsai İnq-ven ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, görüş zamanı Tsay Pelosiyə verdiyi dəstəyə görə təşəkkür edib və Çinin hərbi təhdidləri qarşısında geri çəkilməyəcəklərini bildirib. Tayvanı hər zaman dəstəkləyəcəklərini qeyd edən Pelosi ABŞ-ın “Vahid Çin” siyasətinə hörmətlə yanaşdığını, lakin Tayvana dəstəyin hər zamankından daha vacib olduğunu bildirib. Pelosi Tayvan parlamentindəki çıxışında Tayvanı "dünyanın ən azad cəmiyyətlərindən biri" kimi xarakterizə edib.

Digər tərəfdən, Tayvan Müdafiə Nazirliyi Çinin bölgəyə hərbi təlimlər keçirməsi və döyüş təyyarələri göndərməsinin Tayvanın suverenliyini ciddi şəkildə pozduğunu açıqlayıb. Tayvan hökuməti də ordunun hazır vəziyyətdə olduğunu bildirib.

Pelosinin Tayvana səfəri ilə bağlı Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada “dünyada tək Çin var, Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir. Bu, odla oynamaqdır, çox təhlükəli bir işdir”,- deyə bildirilib. Əlavə olaraq bildirilib ki, ABŞ-ın Çindəki səfiri Nikolas Börns səfər ilə əlaqədar Çin Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir parçası hesab edir və “dinc yolla birləşmə” adı altında Tayvanı nəzarətə götürmək istəsə də, bu məqsədlə güc tətbiq etməkdən çəkinməyəcəyini bildirir. Bundan əlavə, digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlaması Çin tərəfindən "suverenliyin pozulması" kimi qiymətləndirilir.

Xatırladaq ki, səfərdən öncə Çin Pelosini açıq şəkildə hədələyirdi. Hətta Çinin dövlət mediası Pelosinin təyyarəsinə hücum ediləcəyini də bildirirdi. Amma belə görünür ki, Çin Pelosinin Tayvana səfəri zamanı acıqlı-acıqlı müşahidə etməkdən başqa heç nə edə bilməyib.

Qeyd edək ki, Pelosi zaman-zaman müxtəlif ölkələr haqqında aqressiv açıqlamaları ilə gündəmə gəlir. Əvvəllər Pelosi Türkiyə haqqında da əsəbi açıqlamalarla çıxış edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »