Daxili İşlər Nazirliyi (DİN) Aşura günü ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə Bizimyol.info-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Müraciətdə bildirilir ki, iyulun 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” qanuna uyğun olaraq, yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidi.
Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinlərin maneəsiz yerinə yetirmələri üçün lazımi tədbirlərin görüldüyünü vurğulayan DİN-in müraciətində başqa məsələlərə də toxunulub.
“Əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir”, - nazirliyin müraciətində qeyd olunub.
DİN əhalini bu müraciəti anlayışla qarşılamağa çağırır:
“Qeyd olunan tələb və tövsiyələr məhz hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına xidmət edir”.
Aytən, Bizimyol.info