Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml məmurunun "sərxoş" açıqlaması haradan qaynaqlanır
Kreml məmurunun "sərxoş" açıqlaması haradan qaynaqlanır

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev idarəolunmaz hala gəlib. Onun sosial mediada yazdıqları bütün sərhədləri aşır. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Qərb ölkələrini nüvə silahı ilə hədələyir, Ukraynanın müstəqiliyini qəbul etmədiyini açıq mətnlə bildirir.

Bizimyol.info xəbər verir ki, Medvedev bu dəfə “Vkontakte”də Ukrayna ilə yanaşı, Gürcüstana və Qazaxıstana da söz atıb. Keçmiş prezident Qazaxıstanı “süni dövlət” adlandırıb. Onun fikrincə, Gürcüstan həmişə Rusiyaya meylli olub. Guya Qafqaz dövləti müstəqil olmaq istəmir. Medvedev, ümumiyyətlə, SSRİ-nin dağılmasını böyük səhv sayır. Təhlükəsizlik Şurasının sədr müavini ötən əsrin 90-cı illərinin əvvəllərində heç də doğru addım atılmadığını qeyd edib. Yəni ya SSRİ dağılmamalıydı, ya da ittifaq 15 hissəyə parçalanandan sonra Rusiya dərhal bir sıra torpaqları özününkü etməliydi.

Medvedevin yazdıqları cəmi 10 dəqiqə sonra silinib. Amma skrinşotlar qalıb. Rusiyalı siyasətçi Kseniya Sobçak hamıdan əvvəl yazılanları paylaşıb. Təhlükəsizlik Şurasından hökumət nümayəndəsinin sosial media hesabının ələ keçirildiyi bildirilib. Halbuki yazılanlar məhz Medvedev üslubundadır. Keçmiş prezident belə şeyləri tez-tez yazır.

Medvedev müharibə başlayandan çox aqressiv görünür. O, Qərbi, Ukraynanı hədələyir. Kreml rəsmisi həyatda olduğu müddətcə Rusiyanın düşmənlərinin məhvi üçün çalığacağını dilə gətirir. Müstəqil media yazır ki, Medvedev spirtli içkilərə aludə olub. Buna görə hökumət nümayəndəsinin həyat yoldaşı onunla yaşamaqdan imtina edib. Medvedevin hətta özünə qəsdə cəhd göstərdiyi də iddia olunur.

SSRİ-nin bərpası ideyasına gəlincə, bu fikri Kremldə səsləndirən az deyil. Bir neçə gün əvvəl Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu əvvəl-axır ittifaqın həyata qayıdacağını demişdi. Rusiya Prezidenti Vladimir Putin də bu haqda danışmağı özünə rəva görür. Açıq-aşkar hiss olunur ki, Ukraynaya hücum Kreml üçün SSRİ-nin bərpası ideyasının həyata keçirilməsinin başqa adıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »