Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu məhkəməni görən xarici bura yatırım etmək nədir, ölkəyə gəlməkdən çəkinər”
“Bu məhkəməni görən xarici bura yatırım etmək nədir, ölkəyə gəlməkdən çəkinər”

Bakı Kommersiya Məhkəməsində “Azinteroil” MMC-nin adından bütün hüquqi nəticə yarada biləcək hərəkətlərin edilməsi qadağan olunub. Məhkəmədə baxılan mübahisə üzrə yekun qərar çıxarılana qədər müvəqqəti xarakterli tədbir kimi, bu barədə qərardad çıxarılıb.

Bizimyol.info xəbər verir ki, hakim Aytən Əliyevanın çıxardığı qərardada əsasən, şirkətə bütün növ sənədlərin (müqavilələrin, etibarnamələrin) hazırlanması, imzalanması, təqdim edilməsi və istifadə olunması qadağan edilib. O cümlədən vergi, maliyyə və bank əməliyyatlarının aparılması, şirkətin istifadəçi kodu, parolu və şifrəsindən, pin kodundan, “Asan İmza”sından və möhürdən istifadəyə də icazə verilmir. Qərardadda göstərilib ki, bu qadağa mübahisə tərəflərindən biri olan Solmaz Əliyeva, Şahbaz Şahbazov, Yaqub Şahbazov, Orxan Ağalarov, şirkətin direktoru Şahnəzər Əzizov və digər şəxslərə aiddir.

Tibb professor Şahbaz Şahbazov deyir ki, bu qərardad böyük bir müəsissənin fəaliyyətinin dayandırılması deməkdir. Məhkəmənin bu qərardadla şirkətin fəaliyyətini iflic vəziyyətə saldığını vurğulayan Şahbazov iddia edir ki, bu qərar məhkəməyə kənar təsirlər nəticəsində verilib. O, bununla əlaqədar Prezident İlham Əliyevə məktub yazıb. Məktubunda göstərib ki, sahibkarlığın çökdürülməsində məhkəmələrdən istifadə olunur.

“Bu müraciətimdə məhkəmələrin əli ilə sahibkarlığın necə məhv edilməsini təsvir etməyə çalışacam. Bu işləri özüm görəndən sonra durumun nə qədər acınacaqlı olduğunu bilirəm. Bakı Kommersiya Məhkəməsinin hakimləri Zaur Pirverdiyev və Aytən Əliyevanın qəbul etdiyi qərardadlardan bu, açıq-aydın görünür”, - Şahbaz Şahbazov yazır.

Bildirir ki, şirkətdə 75 faiz payın sahibi özü və İlqar Aqil oğlu Əliyev olub. Onlar qanuni əsaslarla Şahnəzər Əzizovu direktor təyin ediblər, vergilər xidmətində reyestr xidmətindən qeydiyyatdan keçirilib.

“Əvvəlki direktor Heydər İbrahimov ötən 10 il ərzində şirkətin maliyyə-uçot hesabatları barədə bizə məlumatlar verməmiş, İlham Məmmədovun sözüylə şirkətin hüquqi sənədlərini və möhürünü yeni direktor Şəhnəzər Əzizova verməkdən boyun qaçırır. Əvvəlki direktor Heydər İbrahimov 25 faiz payı olan İlham Məmmədovun əmri və birbaşa təsiri altında şirkətin əmlaklarını, əmlaklardan gələn gəlirlərini mənimsəyirlər. Şirkətdə maliyyə auditi aparılmasına imkan vermirlər. Bütün bunlara baxmayaraq, hakim Aytən Əliyeva şirkətin bütün hərəkətlərinə blok qoyur. Bəs hakim bu qərarı qəbul edərkən fikirləşməyib ki, hazırda fəaliyyət göstərən şirkətin 100-dən artıq işçisinin əməkhaqları necə ödəniləcək? Maliyyə-uçot hesabatları necə aparılacaq, vergilər və digər məcburi ödənişlər necə ödəniləcək? Axı biz şirkətimizlə bir çox xarici investorlar arasında müqavilə bağlanılmasına, ölkəmizə yeni xarici investorların cəlb edilməsinə çalışırıq. Məhkəmənin bu qərardadını görən istənilən investor bura yatırım etmək nədir, ölkəyə gəlməkdən çəkinər…”

O, məktubunun sonunda dövlət başçısından xahiş edib ki, bu şirkətlə bağlı məhkəmələrdə olan bütün işləri nəzarətə götürsün: “Xahiş edirik, İlham Məmmədovun sifarişlərinin yox, ədalətin zəfər çalmasında bizə köməklik göstərəsiniz”.

Ötən ilin oktyabrında mediada İlham Məmmədovun Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə tutulması haqda məlumat yayılmışdı.

Professorun prezidentə məktubunda yazdıqları haqda qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »