Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ məmurunun təyyarəsinə hücum etməklə hədələyib
Çin ABŞ məmurunun təyyarəsinə hücum etməklə hədələyib

Dünya aylardır Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içərisində izləyir. Minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Çin-Tayvan münaqişəsində gərginlik pik həddə çatıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfər edəcəyi xəbərindən sonra Çin qırıcıları Tayvan boğazından uçmağa başlayıb.

Bizimyol.info xəbər verir ki, Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin mümkün səfəri ilə bağlı Tayvandan yeni açıqlama verilib.

CNN International-ın xəbərinə görə, Tayvan hökumətinin yüksək rütbəli rəsmisi və ABŞ rəsmisi Pelosinin Asiya səfəri çərçivəsində Tayvanı ziyarət etməsi gözlənilir. Pelosinin Tayvana mümkün səfəri zamanı Asiya turunun ilk rəsmi dayanacağı Sinqapura olduğu üçün regionda gərginliyi artırıb.

Tayvan mümkün Çin işğalına qarşı hazırlıqlarını davam etdirərkən, hədə-qorxu kimi başqa bir addım Çindən gəlib. Belə ki, xəbərdən sonra Pekin administrasiyası döyüş təyyarələrinə havaya qalxmağı əmr edib.

“Financial Times”-da çıxan xəbərə görə, bölgədəki hadisələrlə bağlı məlumat verən Tayvanlı bir səlahiyyətli, çərşənbə axşamı səhər saatlarında çox sayda Çin döyüş təyyarəsinin Tayvan boğazı üzərində uçduğunu açıqlayıb.

Çin ordusunun bölgədəki əsgərlərini yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyi də məlumatlar arasındadır. Lakin xarici mətbuatda geniş yer alan bu olayla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Hakim Kommunist Partiyasının media orqanlarından biri olan “Global Times” qəzetinin keçmiş baş redaktoru Hu Xijin Tvitter hesabında Çin döyüş təyyarələrinin Pelosinin təyyarəsinə müdaxilə edə biləcəyini bildirib.

Jurnalist Hu deyib: “Bizim qırıcı təyyarələrimiz bütün məcburedici taktikaları tətbiq etməlidir. Əgər bunlar hələ də yetərli deyilsə, Pelosinin təyyarəsini vurmağı məqsədəuyğun hesab edirəm.”

Onu da əlavəe dək ki, Pelosi uzun müddətdir ki, demokratiya və insan haqları məsələlərində Çini sərt tənqid etməsi ilə tanınır.

1989-cu ildə Tiananmen hadisələrindən iki il sonra Pekinə səfəri zamanı Pelosi Tiananmen meydanına getmiş və üzərində “Çində demokratiya uğrunda həlak olanların xatirəsi” yazılmış qara pankart açmışdı. Çin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həmin pankart bağlanmış, Pelosi və onu müşayiət edənlər meydandan uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Çin Tayvanı öz ərazisinin bir parçası hesab edir və Çin administrasiyası “sülh yolu ilə birləşmə” adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəsə də, bu məqsədlə güc tətbiq etməkdən çəkinməyəcəyini bildirir.

Bundan başqa, digər ölkələrin Tayvanla rəsmi təması Çin tərəfindən “suverenliyin pozulması” kimi qiymətləndirilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »