Belçika Rusiyaya qarşı Ukraynaya müdaxilə etdiyinə görə tətbiq etdiyi maliyyə sanksiyalarının icrası çərçivəsində 50,5 milyard avronu dondurub.
Söhbət 1229 fiziki və 110 hüquqi şəxs, habelə Rusiya Mərkəzi Bankına məxsus aktivlərdən gedir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belçika Maliyyə Nazirliyinin məlumatlarına istinadən De Morgen məlumat yayıb. Məhz bu qurum Belçikada sanksiyaların tətbiqinə nəzarət edir.
Bildirilir ki, dondurma xüsusən də Rusiya siyasətçilərinin, oliqarxlarının, bankların və sanksiya məhdudiyyətlərinin tətbiq olunduğu şirkətlərin aktivlərini əhatə edib.
Eyni zamanda, sanksiyaların bəziləri 2014-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra tətbiq edilib, lakin onların əksəriyyəti 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğaldan sonra tətbiq edilib.
Məbləğ son bir neçə ayda nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, hələ aprel ayında Rusiya vətəndaşlarının Belçikada bloklanan aktivlərinin məbləği cəmi 10 milyard avro təşkil edirdi. Lakin bundan sonra Rusiyanın bir neçə iri bankı, o cümlədən Sberbank və VTB sanksiyalara məruz qalıb və bu, yeni aktivlərin ələ keçirilməsinə imkan yaradıb.
Xatırladaq ki, bir müddət əvvəl Avropa İttifaqının oktyabr ayında xüsusi direktiv təqdim edəcəyi bildirilirdi.
Bu təsdiq olunarsa, Aİ Rusiya aktivlərinin müsadirəsi mexanizmini işə salacaq. Aktivlərin həbsinə yalnız sanksiyalardan yayınmağa cəhd edildiyi hallarda icazə veriləcək.
Kanadada Rusiyanın aktivlərinin müsadirə edilməsi və onlardan Ukraynaya dəstək üçün istifadə imkanlarını nəzərdə tutan ixtisaslaşmış qanuna düzəlişlər artıq qüvvəyə minib. Oxşar qərar ABŞ və Britaniyada da hazırlanır.
İlahin, Bizimyol.info