Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əl-Qaidə”nin lideri dronla öldürülüb
“Əl-Qaidə”nin lideri dronla öldürülüb

Əfqanıstanda “Əl-Qaidə”nin lideri Ayman əl-Zəvahiri öldürülüb – terrorçu Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən pilotsuz uçan aparat vasitəsilə “aradan götürülüb”.

Bizimyol.info xəbər verir ki, bu barədə “Washington Post” nəşri yazıb.

Qeyd olunduğu kimi, Ayman əz-Zəvahiri “Əl-Qaidə”nin banisi Üsamə bin Ladenlə birlikdə 2001-ci il sentyabrın 11-də baş vermiş hücumlara rəhbərlik edən və dünyada ən çox axtarılan terrorçulardan biridir.

Ayman əz-Zəvahiri Ayman əz-Zəvahiri

Hər iki terrorçu 2001-ci ilin sonlarında Əfqanıstandakı ABŞ qüvvələrindən qaçıb və Zəvahirinin yeri uzun müddət naməlum olaraq qalıb. Bin Laden 2011-ci ildə ABŞ ordusunun Pakistanda keçirdiyi reyd zamanı öldürülüb.

Rəsmilərin sözlərinə görə, Zəvahiri MKİ tərəfindən məhv edilib. Ötən həftə sonu (30-31 iyul) Kabildə terrorçu pilotsuz təyyarə ilə vurulub.

Ağ Ev ABŞ prezidenti Co Baydenin tezliklə uğurlu antiterror əməliyyatı ilə bağlı açıqlama verəcəyini bildirib.

Bir müddət sonra isə, “Ədalət bərqərar oldu. Və bu terrorçu lider artıq yoxdur” deyə Bayden Ağ Evdən axşam müraciətində bildirib.

"Nə qədər vaxt aparsa da, harda gizlənsəniz də - xalqımız üçün təhlükə olsanız, Birləşmiş Ştatlar sizi tapıb çıxaracaq",- deyə o əlavə edib.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi NBC news telekanalına bildirib ki, əl-Zəvahirinin öldürüldüyü antiterror əməliyyatında mülki əhali arasında itki yoxdur.

2021-ci il sentyabrın 15-də Mərkəzi Kəşfiyyat İdarəsi Əl-Qaidə terror təşkilatı yaraqlılarının ABŞ qoşunlarının çıxarılmasından sonra radikal islamçı Taliban hərəkatının hakimiyyəti ələ keçirdiyi Əfqanıstana qayıtmasının ilk əlamətlərini gördüyünü bəyan edib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »