Rusiya ordusunun Ukraynada törətdiyi cinayətləri heç cür bağışlamaq olmaz. Minlərlə dinc sakin öldürülüb, qadınlar zorlanıb. Xeyli yaşayış yerləri dağıdılıb. Milyonlarla ukraynalı ölkəni tərk etmək məcburiyyətində qalıb. Hələ nə qədər insanın taleyindən xəbər yoxdur.
Bizimyol.info xəbər verir ki, Rusiya Ukraynada oğurladığı şəxsləri Belarus ərazisinə keçirib. Kiyev vilayətinin Baş Polis İdarəsinin rəisi Andrey Nebıtov canlı efirdə bu haqda danışıb. Onun sözlərinə görə, xeyli ukraynalı məcburi şəkildə qonşu ölkəyə aparılıb. Həmin insanlar pis şərtlər altında saxlanılır. Belarusdan Rusiyaya aparılanlar da var. Nebıtov konkret şahidlərin olduğunu bildirir. Kiyev vilayəti polisi Belarusa məcbur aparılan şəxslərlə əlaqə qurmağa çalışır.
Əsasən Polşada fəaliyyət göstərən Belarus müstəqil mediası da bu barədə yazıb. Yazılanlara görə, həqiqətən də, xeyli ukraynalı iradəsinin əksinə olaraq qonşu ölkəyə aparılıb. Onların vətənə qayıtmaq istəyinə məhəl qoyulmur.
Nebıtov təxminən 300 nəfərdən heç bir xəbər ala bilmədiklərini qeyd edir. Onların hamısının ölməsi inandırıcı görünmür. Çünki ağır döyüşlər getdiyi yerlərdə bu qədər meyitin izinin itirilməsi çətindir. Nebıtov həm də şahidlərin olmasına görə Belarusa aparılma faktının üzərində xüsusi dayanır.
Kiyev vilayəti polisi azı 216 nəfərin meyitinin tanınması istiqamətində iş aparır. Hələ də həmin şəxslərin kimliyi müəyyənləşdirilməyib. Bəzi ailələr kütləvi şəkildə qətlə yetirilib. Buna görə də tanınma prosesi yubanır.
Nebıtovun dediyinə görə, ümumilikdə 1348 mülki şəxsin öldürülməsi faktı tam təsdiqini tapıb. Amma rəqəmlərin daha böyük olmasına şübhə etməyə dəyməz. Çünki Rusiya ordusunun işğal etdiyi ərazilərlə bağlı dəqiq söz demək olmur. Orada öldürülənlərin meyitləri rahatca sıradan çıxarılır. Tapılan meyitlərin əksərində zorakılıq əlamətləri müşahidə edilib.
Müharibənin gedişində Rusiya ordusunun ukraynalı mülki şəxsləri oğurlamasıyla bağlı bir çox faktlar səsləndirilib. Bundan əvvəl Ukrayna vətəndaşlarının Donetsk və Luqansk vilayətlərinin ərazisindən Rusiyaya aparıldığı bildirilirdi.
Aytən, Bizimyol.info