Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Enerji müharibəsi”ndə son vəziyyət: Putinin əli zəifləyir...
“Enerji müharibəsi”ndə son vəziyyət: Putinin əli zəifləyir...

Rusiya ilə Avropa arasında başlayan "enerji müharibəsi" hər iki tərəfi ciddi şəkildə sarsıtmağa başlayıb.

"Bıçaq belində" mübarizə aparan Avropa alternativlər üçün hər cür cəhd etsə də, minlərlə insan işini itirmək təhlükəsi ilə üz-üzədir. Rusiya isə Qərb tərəfindən tamamilə kənarlaşdırıldıqdan sonra Asiya bazarlarında gözlənilməz bir sürprizlə üzləşib. Belə ki, mütəxəssislər Rusiyanın Çin və Hindistanla danışıqlarda strateji mövqeyinin məhv olduğunu düşünürlər.

Bizimyol.info xəbər verir ki, Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibədən sonra “enerji müharibəsi”nə başlayıb və bu yaxınlarda Avropaya qaz axınını xeyli azaldıb.

Rusiyanın bu qərarından sonra qazdan istifadəyə qənaət etməyə qərar verən Avropa ölkələrinin gördüyü tədbirlər günlərdir manşetlərdə yer alır.

Rusiya qazından çox asılı olan Almaniya tarixi məkanların işıqlandırılmasını kəsərək hovuz və idman zallarında “soyuq duş” tarifinə keçib, İspaniya isə kondisionerlərə məhdudiyyətlər qoyub.

Əksər Avropa ölkələri Almaniyanın izinə düşərək əvvəlcə işıqları söndürməklə qənaət etməyə başlayıblar və qitənin sevimli şəhərləri bir-bir qaralmağa başlayıb.

Avropanın qazın kəsilməsi ilə bağlı ciddi böhran içərisində olduğu danılmaz faktdır, lakin ekspertlərin fikrincə, böhranın digər tərəfində olan Rusiyada da vəziyyət fərqli deyil. Yale Universitetinin dərc etdiyi təhlilə görə, kəsilmə qərarından sonra Rusiya ciddi təzyiq altındadır.

Bildirilir ki, Ukrayna müharibəsindən sonra Qərbin sanksiya məngənəsində sıxışan Rusiya iqtisadiyyatı indiyədək gözləniləndən daha yaxşı tab gətirib. Əksər analitiklər bunun neft və qaz sənayesindən əldə edilən yüksək gəlirlə əlaqədar olduğu qənaətindədirlər. Lakin Yale Universitetinin professoru Jeffrey Sonnenfeldin rəhbərlik etdiyi araşdırma Rusiya iqtisadiyyatının geniş beynəlxalq sanksiyalardan "ciddi şəkildə sarsıldığını" söyləyir və qaz tədarük zəncirlərinin dəyişməsindən ən çox zərər çəkənin Rusiya iqtisadiyyatı olacağını bildirir. Yale ekspertlərinin təhlilinə görə, Rusiyanın ümumi ixrac gəliri əsasən təbii sərvətlərin ixracından əldə edilir və bu ixrac gəlirləri Rusiyanın ümumi dövlət büdcəsinin yarıdan çoxunu təşkil edir.

Rusiyanın “enerji kartı”ndan təhdid olaraq istifadə etdiyini bildirən Avropa Birliyi 2022-ci ilin sonuna qədər Rusiyadan bütün idxalı qadağan etməyi planlaşdırır. Rusiya prezidenti Vladimir Putin isə Avropaya enerji satışının kəsilməsinin təsirini azaltmaq üçün Asiya bazarlarına üz tutub.

Qərbdən təcrid olunmuş Rusiya digər əmtəə ixracatçıları ilə daha sıx əlaqələr yaratmağa çalışsa da, qiymətə fikir verən alıcılar Rusiyanın əlinin əvvəlki kimi güclü olmadığını bilir və endirimlər üçün ciddi danışıqlar aparılır.

"Avropa Rusiyanın Çin və Hindistanla danışıqlardakı strateji mövqeyini məhv etdi və mövqeyini geri dönməz şəkildə pisləşdirdi",- deyə Yale komandası bildirir.

Digər tərəfdən isə Rusiya təbii qaz tədarükünü azaldarkən, Avropa iqtisadiyyatını ayaqda saxlamaq üçün hər cür cəhdlər göstərir. Kömürlə işləyən elektrik stansiyaları canlanır, mayeləşdirilmiş təbii qaz üçün terminallara milyardlar xərclənir, dövlət başçıları enerji sövdələşmələri üçün Qətərə, Azərbaycana, Norveçə və Əlcəzairə uçur. Bununla belə, ekspertlər qaz qiymətlərindəki ciddi artıma diqqət çəkir və Avropanın mübarizəsinin gərgin olduğunu bildirirlər.

Onu da əlavə edək ki, Rusiya qazının dayandırılmasının müəssisə və fabrikləri bağlamağa məcbur edəcəyi ilə bağlı qorxular artır. Bu addım Avropada minlərlə iş yerini risk altında qoya və işsizlər ordusu yarada bilər.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »