Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaylaqda xiyar gec yetişir, yağış isə...
Yaylaqda xiyar gec yetişir, yağış isə...

Yaxın qonşum, sinif yoldaşım və uşaqlıq dostlarımdan biri də Birinci Qarabağ müharibəsinin ilk könüllü döyüşçülərindən olan Rövşən Bəyişovdur. Bizim uşaqlığımızda Rövşəngil ailəliklə hər yay yaylağa gedərdi. Onlar yaylaqdan dönəndə məktəbdə dərslər başlayardı. Evlərimiz arasında 15-20 metr məsafə olsa da, mən bəzən Rövşəni məktəbdə görəndə yaylaqdan döndüyünü bilirdim. Özü günün altında yanıb qaralsa da, yanaqları qıpqırmızı olurdu. Əvvəllər buna görə uşaqlar ona: “utancaq oğlan” - deyərdilər, sonra öyrəşəndən sonra unudardılar. Həftələr sonra o da əvvəlki halına dönərdi.

Rövşən dağdan qayıdandan sonra orada baş verən hadisələrdən danışardı. Daha doğrusu mənim üçün çox maraqlı gələn hadisələr barədə sözləri ondan “zorla alırdım”. Onun ya müşahidə qabiliyyəti zəif idi, ya da, orada gözü önündə baş verən hadisələr mənim üçün ecazkar görünsə də, ona adi gəlirdi. Elə hesab edirdim ki, o baş verənləri danışmağa xəsislik edirdi.

“Rövşən, orda yağış, külək çox olur?” - deyə soruşardım. Bundan sonra o, dağda gördüyü təbiət hadisələri barədə bir-iki cümlə deməklə kifayətlənirdi.

- Yağış, külək nədi, burda olan yağış deyil ki, sən yağışı, küləyi orda görəsən. Birdən elə tufan olur ki, alaçıqları uçurur. Elə sel olur ki, sürünu dağa qaldırmasan, yuyub aparar.

- Bəs yeməyi necə hazırlayırsız? Meyvə, tərəvəzi necə alırsız?

- Yeməyi ocaqda hazırlayırlar. Əti çobanlar hərə öz sürüsündən.., sonra da dərisini təhvil verir ki, qoyun ölüb. Orda göyərti və bəzi tərəvəzləri əkirlər. Amma soyuq olduğuna görə gec yetişir. Xiyar, pomidoru biz iyulun on beşindən sonra görürük. Meyvə də biz yaylaqdan qayıdana yaxın əmələ gəlir. Bax, indi burda istidir, eləmi, amma orda baxırsan bəzi dağlara qar yağıb. Gecələr orda yorğansız yata bilməzsən...

Sinif yoldaşımın danışdığı bu qədər, bəlkə bir az artıq olurdu. Mən ondan görmədiyim həyat tərzi barədə daha çox təəssürat istəsəm də, o bu qədər təsvir edə bilirdi.

Dünən sosial şəbəkələrdə Milli Yaylaq Festivalında baş verənlərlə bağlı yazıları oxuyandan sonra bu camaatın nəyə təəccüblənməsinə təəccübləndim. Yaylaqda yağış, tufan olar da, bu nə görünməmiş hadisədir ki?

Ölkədə bir qurup jurnalistlər var ki, onlar nazirliklərin təşkil etdikləri tədbirlərin “daimi qonaqları”dırlar. (Bu da başqa mövzudur.) Nə isə, jurnalistlər və seçilmiş qonaqlar bu dəfə də yaylağa çıxıblar. Həmişə komfortlu otellərdə keçirilən tədbir palçıqlı yaylaqda təşkil edilib. Mədəniyyət Nazirliyi xalqın yaylaq mədəniyyətini təbliğ etməyə çalışıb. Amma sən saydığını say...

Festival zamanı güclü yağış yağıb. Tədbir iştirakçıları nəqliyyat işləməyən palçıqlı yollarla piyada otelə xeyli məsafəni qət ediblər. Sonra da onlara yeməyə xiyar-çörək təklif olunub. Yəni “ge(i)c gələn qonaq kisəsindən yeyər” – məsəli.

Maraqlı odur ki, əziyyət çəkən də, qınanan da jurnalistlərdir. Hamı onları hədəf alıb: “Yaxşı olur, orda nə işiniz vardı?” - deyirlər. Dünən və bu gün bu şərhləri oxuyanda yadıma rəhmətlik Molla Nəsrəddinin lətifəsi düşdü: (qısa deyim hamı bilir) “... Belə çıxır ki, oğrunun heç bir günahı yoxdur”. İndi tədbirin təşkilatçısı olan nazirlik qalıb kənarda, iştirakçılar linç edilir. Nədən? Cavab sadədir. Hamı bilir ki, dövlət tədbirində iştirak etmək üçün ya öz peşəndən əlavə xüsusi “istedadın” olmalıdır, ya da təşkilatçıların sənin nüfuzuna ehtiyacı olmalıdır. İkinci hal o qədər də istifadə edilməsə də, bəzən ehtiyac olur.

Rövşənin danışdıqlarını xatırlayaraq yaylaqda yağış, tufan, soyuq, palçıq olmasını adi hal hesab etdim. Uzaq məsafəni piyada getməyi “sağlam bədəndə salam ruh olar” deyiminin güdazına verdim. Xiyar-çörəyi də yaylaq şərtlərində “delikates” hesab etdim. Və bütün bunlara görə çox da səs-küy yaradılmasının tərəfdarı olmadım. Amma vacib bir nəsnə qaldı...

Sinif yoldaşımın yaylaqdan dönəndə sifətindəki al rəng. Deyirəm ki, görəsən  Milli Yaylaq Festivalının təşkilatçısı olan qurum və şəxslərin mədəniyyətləri olacaqmı ki, sifətində də, heç olmasa, bir balaca həya qızartısı olsun? İnanmasam da, soruşuram.

P.S: Yeri gəlmişkən: Bu gün uşaqlıq dostum, sinif yoldaşım və müharibə veteranı Rövşən Bəyişovun doğum günüdür. Təbrik edirəm!

Qadir Musaoğlu Qadir Musaoğlu

Qadir Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »