Bir neçə gün öncə ABŞ prezidenti Bayden və Çin prezidenti Si Tszinpin arasında iki saatdan çox davam edən telefon danışığı olub. Bu, Baydenin vəzifəyə başlamasından bəri beşinci telefon zəngi idi.
Ukraynada müharibə davam edərkən, iki super gücün atacağı addımlar həm bu müharibənin nəticəsini, həm də yeni döyüş meydanını müəyyən edə bilər.
Əslində daha əvvəl bu barədə yazılan yazılarda Asiya-Sakit Okean bölgəsində suların isindiyini və buradakı oyun meydançalarından birinin Tayvan olacağı tez-tez vurğulanırdı.ABŞ tərəfində Çinin “vahid Çin siyasəti” əsasında Tayvanı işğal edəcəyi fikri yeni deyil.
Həmin telefon danışığı ilə bağlı xüsusilə Çin mediasında diqqət çəkən məqam Baydenə Tayvanla bağlı çox sərt xəbərdarlığın çatdırılması oldu. Çinin rəsmi nəşri olan “Global Times” redaktor məqaləsində yazıb: “Əgər ABŞ daha bir neçə addım atsa, onlar özlərini uçurumun astanasında tapacaqlar”.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin avqust ayında Tayvan bölgəsinə səfər edəcəyi xəbəri bir müddətdir müxtəlif intensivliklərlə davam edən bu müzakirələri qızışdırıb.Pelosi ABŞ-ın siyasi reytinqində üçüncü siyasi fiqur olduğundan, onlar bunu Tayvanın müstəqilliyinə açıq dəstək kimi qiymətləndirirlər. Üstəlik, Baydenin “biz vahid Çin siyasəti”nin tərəfdarıyıq” deməsi, indiki sözlərinin ziddi hesab olunur.
Pelosinin Tayvana mümkün səfəri ABŞ-ın daxili siyasəti baxımından da önəmlidir. Pelosi bu müddətdən sonra təslim olarsa, respublikaçıların sərt tənqidi ilə üzləşə bilər. Çünki oxşar səfər aprel ayında da ləğv edilmişdi…
ABŞ-ın keçmiş müdafiə naziri Esper, Pelosinin səfərinə toxunaraq “Wall Street Journal”-a deyib: “Əgər Pekinin Tayvana gedib-getməyəcəyini diktə etməsinə icazə versək,bu gedişat bizi hara aparacaq?” – deyə, sual ünvanlayıb.
Çin Xarici İşlər Nazirliyi də iyulun 19-27-də keçirdiyi 4 mətbuat konfransında bu xəbəri şiddətlə qınadıqlarını və lazım gələrsə, hər cür əks tədbir görəcəklərini açıqlayıb. Adanın ətrafında pilotsuz uçuş aparatlarının dolaşdığı və bunun Tayvan üçün ciddi təhlükəsizlik zəifliyi olduğu bildirilir. Həmin portalda adının açıqlanmasını istəməyən çinli hərbi ekspert “Pelosinin təyyarəsi Tayvana yaxınlaşarsa, onu dayandırmaq üçün döyüş təyyarələri göndərə bilər və o, Çinə enməyə məcbur olar” ifadəsini işlədib.
Qeyd edək ki, Çin və Rusiyanın fərqli strateji prioritetləri var. Ukrayna və Tayvan məsələsini həm iqtisadi, həm də hərbi baxımdan müqayisə etmək düzgün deyil. ABŞ-Çin iqtisadi əlaqələri texniki cəhətdən tənəzzülə uğrayandan sonra ABŞ kövrəkləşib. Çinin ÜDM-i ABŞ-ın 76%-ni, Rusiyanın ÜDM-i isə ABŞ-ın 10%-dən azını təşkil edir. ABŞ və müttəfiqləri Çinin ən böyük on ticarət tərəfdaşından səkkizini təşkil edir. Bundan əlavə, Tayvan iqtisadiyyatı Ukrayna iqtisadiyyatından təxminən üç dəfə böyükdür. Demoqrafik olaraq isə Tayvan, Ukrayna əhalisinin təxminən yarısı qədərdir.
Professof Tiejun Zanqın “The Diplomat” üçün yazdığı məqaləsində Çinin nə dinc, nə də məcburi birləşməyə tələsməyəcəyi göstərilir. Buna uyğun olaraq, ABŞ həmin mərhələdə birbaşa müharibəni düşünməmək və Çində Ukraynadakı vəziyyət kimi bir mənzərə ilə qarşılaşmamaq üçün Tayvanın zamanla Çinə qoşulacağı bir prosesi idarə etmək istəyir.
Bununla belə, NATO sammitində əsas təhdidlərdən biri olan Çin və ABŞ arasında Tayvan məsələsi (Rusiya qədər olmasa da) onsuz da gərgin olan münasibətləri Rusiyanın Ukraynadakı vəziyyəti və Asiya-Sakit Okeandakı addımlarında olduğu kimi, daha xaotik və qarşıdurma müstəvisinə daşıya bilər. Lakin indiki şəraitdə bu, müharibə üçün kifayət etməyəcək.
Mətin Şükürlü, Bizimyol.info