Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Polislər övladımı gizlədir, ya ölüsünü versinlər, ya dirisini…”
“Polislər övladımı gizlədir, ya ölüsünü versinlər, ya dirisini…”

Bərdə rayonunun Piyadalar kənd sakini Hüseyn Hüseynov 5 gün əvvəl küçədə telefonla danışarkən söyüş söymə, polisə müqavimət ittihamıyla həbs edilib. Ötən müddət ərzində o, nə ailə üzvlərilə, nə də vəkili ilə görüşüb. Heç ailəsilə telefonla da danışmayıb.

Atası Ələmşah Hüseynov Bizimyol.info-ya bildirib ki, iyulun 30-da Gəncə Apelyasiya Məhkəməsində oğlunun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılmalıydı. Lakin Hüseyn Hüseynovu məhkəməyə də gətirməyiblər. Bu səbəbdən ata oğlunun həyatına görə narahatdır.

“Düşünürəm ki, bəlkə də oğlum həyatda yoxdur. Yaxud da möhkəm işgəncəyə məruz qalıb, ona görə neçə gündür vəkil getsə də, görüşə buraxmırlar, məhkəməyə gətirmirlər. Bunun mütləq bir səbəbi var. Bu nə zamandır ki, polislər övladımı gizlədir, ya ölüsünü versinlər, ya dirisini göstərsinlər”, - Ələmşah Hüseynov bildirib.

O, oğlunun şərlənib həbs edildiyini bildirir. Bərdə sakini ehtiyatlanır ki, oğluna işgəncə verib başqa bir cinayəti üzərinə qoya bilərlər. Söhbət 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kəndində Tahir bayramovun qətlə yetirilməsindən gedir. O, avtomobildə qətlə yetirildikdən sonra yandırılıb. Bu məsələ son aylarda ARB telekanalında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verilişində də araşdırılır. 6 ildir açılmayan cinayət işinin istintaqı isə Baş Prokurorluğun İstintaq İdarəsində gedir.

Hüseyn Hüseynovun vəkili Əziz Qəmbərov da günlərdir Bərdə rayon Polis Şöbəsinə getdiyini, lakin hüquqlarını müdafiə etdiyi şəxslə görüşünə imkan verilmədiyini təsdiqləyib. Vəkil bildirib ki, müvəkkilinin iyulun 30-da öz məhkəməsinə gətirilməməsi də ona işgəncə verilməsi ehtimalını artırır.

Vəkil müdafiə hüququnun pozulmasıyla əlaqədar Daxili İşlər Nazirliyinə, prokurorluğa, Ombudsman Aparatına müraciət edib. Lakin bu müraciətlərin nəticəsiz qaldığını deyir: “Çox təəssüf edirəm ki, belə bir vəziyyət yaranıb. Vəkilə öz müvəkkili ilə görüşməyə icazə verməmək çox ciddi qanun pozuntusu, özbaşınalıqdır. Məhkəməyə gəlmişik, heç bir ciddi izah yoxdur ki, adamı öz məhkəməsinə niyə gətiriblər. Atası da haqlı olaraq, oğlunun sağ olmaması, işgəncə altında saxlanması kimi fikirlərə düşür. Adamın günlərdir övladından xəbəri yoxdur. Belə özbaşınalıq olar?!”

Hüseyn Hüseynovun iki azyaşlı övladı var, anası xərçəng xəstəliyindən əziyyət çəkir. Ailənin maddi durumu da çox ağırdır.

Hüseyn Hüseynovun haqqındakı məhkəmə qərarına istinad edən vəkil deyir ki, müvəkkili polisə müqavimət, söyüş söymə ittihamlarını qəbul etməyib. O bildirib ki, polislər ona şər atırlar, heç küçədə gedərkən saxlanmayıb.

Hüseyn Hüseynov Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyüldüyünü də hakimin nəzərinə çatdırıb.

Lakin Bərdə rayon Məhkəməsinin hakimi Elsun Əhmədov onun dediklərinə tənqidi yanaşıb və polislərin ifadələri əsasında Hüseyn Hüseynovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 1 aylıq inzibati həbs qərarı çıxarıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »