Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Reket jurnalistika cild dəyişib”
“Reket jurnalistika cild dəyişib”

“Mətbuat günü ərəfəsində və ondan sonrakı günlərdə mediada islahatlar və dəyişikliklər mövzusu yenidən aktuallaşıb. Mediada islahatlar ilk növbədə media məkanında aydınlaşmanın yaranmasından və ya, yaradılmasından keçir. Bu gün media adına ölkədə saysız-hesabsız subyektlər, şəxslər fəaliyyət göstərir. Əlbəttə, inzibati və ya ictimai qaydalarla bu subyektlər arasında təsnifat aparmaq və tədbir görmək çətindir”.

Bu barədə Bizimyol.info-ya “Türküstan” Media Grupunun rəhbəri Aqil Camal danışıb.

Onun sözlərinə görə, amma, bir çox hallarda media adından elə əməllər törədilir ki, bu, ümumən medianın adına yazılır. Çünki, sadə insanların ciddi media ilə “reket” media arasında fərqli müəyyən edəcək anlayışı yoxdur. Bu baxımdan, istər MEDİA Agentliyi, istərsə Mətbuat Şurası, digər jurnalist təşkilatları cəmiyyətin bilgiləndirilməsi üçün hansısa tədbirlər həyata keçirə bilər.

“Bunlardan biri “Qaynar xətt”in yaradılmasıdır. Məsələn, reportaj adı ilə şəhid ailəsinə gedib, pul tələb edənlərin kimliyi ilə bağlı məlumat əldə etmək üçün bir büro ola bilər. Bu kimi “nümunələr” çoxdur. Xüsusilə, rayonlarda məmurlar, sahibkarlar media adından istifadə edən mütəşəkkil dəstələrin əlində yesir qalıblar. Bu qəbildən olanlar əvvəl 50-100 qəzet buraxıb özlərini media kimi təqdim edirdilərsə, bu gün sayt və ya hansısa TV, Youtube kanalı kimi bölgələrdə tüğyan edirlər. Belə demək olarsa, “reket jurnalistika” cild dəyişib və “müasirləşib”. Bu indi onların işinə daha çox yarayır. Çünki, indi qəzet çap etdirib mətbəəyə pul da ödəmirlər. Təsəvvür edin, reket saytlardan biri “Redaksiya ilə əlaqə” bölməsində “əməkdaşları”nın telefon nömrələrini yox, avtomobillərinin nömrələrini yazmışdı. Yol polisi saxlayanda saytı açır və filan saytda işlədiyini avtomobilinin nömrəsi ilə təsdiqləyir... Belə nümunələr yetərincədir”-deyə o əlavə edib.

Aqil Camal bildirib ki, bölgələrdə 5-10 manat müqabilində adamlara guya hansısa media sorğusunun nəticəsi olaraq diplom paylayırlar. Bu fəaliyyətlə mübarizədə optimal yollardan biri hüquq-mühafizə orqanları ilə koordinasiyalı işin qurulmasıdır. MEDİA Agentliyinin nəzərdə tutduğu bir sıra yeniliklər, medianın reyestri, jurnalistlərin xüsusi vahid vəsiqə ilə təmin edilməsi kimi addımlar da bu işə töhfəsini verə bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »