Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
2 yaşlı uşaq necə oğurlanıb: həbs olunan qadın şərləndiyini iddia edir
2 yaşlı uşaq necə oğurlanıb: həbs olunan qadın şərləndiyini iddia edir

Bakı Ağır Cinayətlər Məhkəməsində uşaq oğurluğunda ittiham olunan 53 yaşlı qadının mühakiməsi başlayıb. O, Sabunçu qəsəbəsində 2 yaşlı uşağı oğurlamaqda təqsirləndirilir.

Bizimyol.info xəbər verir ki, Gültəkin Muradovaya qarşı Cinayət Məcəlləsinin 144.3 (adam oğurluğu - yektinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Lakin o, bu ittihamla razılaşmır.

Hakim Əhməd Quliyevin sədrliyilə keçirilən ilk məhkəmə iclasında da vəkili bildirib ki, uşağın valideynləri narkotik istifadəçiləridir, istintaq dövründə aparılan araşdırmalarla bu fakt təsdiqini tapıb: “Reyhan Şıxəliyeva və Elgün Nəsirovda narkomaniya xəstəliyi aşkarlanıb. Onların dediklərini əsas tutub, başqa mötəbər sübutlar olmadan şəxsə ittiham verilə bilməz”.

Vəkil cinayət işinin istintaqa qaytarılması barədə vəsatət qaldırıb. O bildirib ki, Sabunçu rayon Polis İdarəsində 6 ay davam edən araşdırmalar düzgün aparılmayıb. Gültəkin Muradovanın müdafiə hüququnun pozulduğunu deyən vəkilin sözlərinə görə, şəxsən özü müdafiəçi kimi 3 ay prosesə buraxılmayıb. Rəsmən Gültəkin Muradovanın vəkili olsa da, əlində order müstəntiq onun müdafiəçi kimi vəzifəsini yerinə yetirməsinə imkan verməyib.

“İki dəfə onun barəsində həbs müddəti uzadılıb. O müddətdə vəkili olsam da, mənim məhkəmədə iştirakım təmin edilməyib. Üç ay sonra müdafiəçi kimi prosesə buraxılsam da, qaldırdığım vəsatətlərin heç birinə cavab verilməyib. Bütün bunlar şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasıdır. Ona görə də xahiş edirəm, məhkəmə baxışına xitam verilsin və cinayət işi təkrar araşdırma üçün istintaqa qaytarılsın”,- vəkil bildirib.

Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakimlər bildirib ki, vəkilin qaldırdığı məsələlər məhkəmə prosesinin gedişində araşdırılacaq.

2021-ci il dekabrın 29-da Məhəmməd Şıxəliyevin oğurlanması barədə polisə şikayət daxil olub. Uşaq yanvarın 8-də tapılıb.

Uşağın anası Reyhan Şıxəliyeva bildirmişdi ki, 2 yaşlı Məhəmməd digər övladlarının gözü qarşısında yaşadığı evdən aparılıb. O, iddia edir ki, təqsirləndirilən Gültəkin Muradova əvvəllər də onların kirayədə qaldıqları ünvana gəlib, həm onlara, həm də ətrafda yaşayanlara sosial yardım veriləcəyi adıyla orada yaşayanları siyahıya alıb.

Uşaq tapılandan və ailə ilə bağlı araşdırmalardan sonra Məhəmməd Şıxəliyev də daxil olmaqla, bu ailədəki 4 uşağın hamısı dövlət qurumlarının qərarıyla sığınacağa yerləşdirildi.

İttihama əsasən, Gültəkin Muradova uşağı Kürdəxanı qəsəbəsində qeyri-rəsmi münasibətdə yaşadığı şəxslə birlikdə kirayə tutduqları evdə saxlayıb. Həmin şəxsin də cinayət məsuliyyətinə cəlb edildiyi haqda məlumat yayılmışdı. Lakin hazırda 53 yaşlı Gültəkin Muradova təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında tək dayanıb.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »