Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəşəriyyətin "neoKərbəla" dövrü: Sinəmizə vura-vura nəyə nail olmuşuq
Bəşəriyyətin "neoKərbəla" dövrü: Sinəmizə vura-vura nəyə nail olmuşuq

Qloballaşan “yezidlik” dünyanı Kərbəlaya çevirir. Bu psixologiya məktəbinin yetirmələri bəşəriyyətlə neoliberal, dindar, kapitalist, imperialist və ya faşist şəklində qarşı-qarşıya gəlir. Dünyanın demək olar ki, bütün hökumətləri cahil, avtoritar, dindar, mürtəce, irqçi, kapital rəhbəri və əvvəlkindən daha çox kişi cinsli dominant siyasətçilər tərəfindən idarə olunur.

Son 20-30 ildə dünya xalqları öz dincliyini, rifahını, insan hüquqlarını, alıcılıq qabiliyyətini itirib. Müharibələr, iqtisadi böhranlar, sosial hüquqların məhdudlaşdırılması dini irticanın hökm sürdüyü bir qrup dövlətlər və onların rəhbərləri tərəfindən daha da sürətləndirilir. İndi aclığın, yoxsulluğun, işsizliyin artması dünyanın Kərbəlaya çevrildiyini göstərir.

Nə indiki, nə də gələcək illər haqqında optimist mənzərə ilə rastlaşmaq çox çətin görünür. Müşahidələr onu göstərir ki, “qlobal yezid”in despotik, avtoritar və qeyri-qanuni əməlləri daha da artacaq. Cahilliyin və yezidliyin hakim olduğu hökumətlər dünyanı Kərbəlaya çevirməkdən həzz alırlar.

“Yezidlik əqidəsi”ni özündə ehtiva edən qüvvələr öz güclərini, iqtidarlarını istibdadla saxlamağa çalışır. Qarşıdakı dövrdə daha da dərinləşəcək iqtisadi böhranlar və buna uyğun olaraq demokratik və insan haqlarına əsaslanan idarəçilik gücünə malik olmayan yezidbənzəri bütün hökumətlər daha çox müharibələr aparacaq. Beləliklə onlar qalan demokratiya və azadlıqları da qəsb edəcəklər.

Yezidi əqidəsinin sahibi olan səlahiyyət sahibi qüvvələr təhsil və səhiyyə sistemlərini tamamilə özəlləşdirərək sosial dövləti, ümumbəşəri hüquqi dəyərləri çökdürəcəklər. Qanunsuzluq isə artan reallıq kimi həyatımıza və hüquqlarımıza müdaxilə edir.

İşsizliyin, yoxsulluğun, məhrumiyyətlərin və hüquqların qəsb edilməsinin artması ilə yanaşı, Pandemiyanın 5-ci dalğası ilə qış aylarından sonra dünyanı daha da bədbəxt və narahat bir proses gözləyir.

Rəqəmlər bu proqnozları təsdiqləyir. Məsələn, 2021-ci ilin sonuna olan məlumata görə, 89 milyon 300 min qaçqın müharibələr və zülmlər səbəbindən ölkələrini tərk edib. Bu rəqəmlər hələ də artmaqdadır. Gənclərin ümidinə, qadınların bədənlərinə və hüquqlarına qarşı şiddətli hücumlar isə artmaqda davam edir. Həmin il 280 milyon insan öz ölkəsini mühacir kimi dəyişib. “Beyin axını” cəhalətdən, irticaçılıqdan və qlobal yezidlikdən qaçaraq başqa ölkələrə sığınır.

Pandemiyanın sağlamlığa və iqtisadiyyata vurduğu zərərlə 2021-ci ildə dünyada 828 milyon insan xroniki aclıqla üzləşib. Hər il artmaqda davam edən aclıq və yoxsulluq milyonlarla insanı, xüsusən də uşaqları əhatə edir.

“Qloballaşan aclıq Kərbəlası”nda baş verən bütün bu hadisələr bəşəriyyəti çox narahat edir. Aclığın ən çox yaşandığı Somali, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Madaqaskar və Yəməndə aclıq vəziyyəti çox ciddi və ağırdır. Dünya bəşəriyyəti həmin “Kərbəla”da aclıqdan, yoxsulluqdan, səfalətdən ölür. Təsəvvür edin ki, 1 milyard insan gündə 1 dollarla dolanmalıdır.

2,7 milyard insan (bu, dünya əhalisinin 40 faizi edir) gündə 2 dollarla yaşamalıdır.“Aclığın Kərbəlası”nda qadınlar, uşaqlar, qocalar, kişilər normal insan həyatından məhrumdurlar. Çünki “qloballaşan yezidlik” istismar etdiyi milyardlarla insanı aclığın Kərbəlasına sürükləyir. Kərbəlaya dönən dünyamızda hər il 30-40 milyon insan aclıqdan ölür, əksəriyyəti də 5 yaşınadək günahsız uşaqlardır.

“Kərbəla”da 155 milyon insan aclıq içində yaşayır. 811 milyon insan burada - xroniki aclığın Kərbəlasında mübarizə aparır, 2 milyarddan çox uşaq, qadın və kişi aclıq çəkir.

Dünyada bütün bu aclığı, səfaləti bitirə biləcək pulun miqdarı bir ovuc milyarder və trilyonerin hesabında olan pulun, mülkün 1 faizini belə təşkil etmir. Hər il cəmi 931 milyon ton istifadəyə yararlı ərzaqlar israf edilərək, zibilliklərə atılır.

Dünyanın bu vəziyyətə gəlməməsi, bəşəriyyətin ədalət sütunları üzərində irəliləməsi üçün göndərilmiş İslam peyğəmbəri həzrəti Məhəmmədin ümməti olaraq bu gün tək Onun nəvəsi İmam Hüseynə yox, həmçinin Kərbalaya dönən dünyamıza, o dünyanın içində bizə bəxş edilmiş kiçik ömrümüzə də nəzər salmalıyıq. Hər il sinəmizə vura-vura nəyə nail ola bilmişik?...

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »