Dünyada ən şərəflə yerinə yetirilməli olan peşələrdən biri də jurnalistikadır. Çünki jurnalist elin sözünü, səsini cəmiyyətə çatdıran, problemini işıqlandırandır. Təssüflər olsun ki, bu şərəfli peşədə də öz maraqlarını önə çəkən, qələmindən, sözünün kəsərindən istifadə edənlər var.
Zaman-zaman bu şəxslərə qarşı mübarizə tədbirləri görülür. Lakin hələ də şantajla məşğul olan, özünü jurnalist kimi təqdim edən şəxslərin sayı az deyil.
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, əvvəlki illərə baxdıqda “reket jurnalist”lər hazırda gündəmdə deyil. Saytlarını “abır”a salmağa çalışırlar.

“Bu reketlik söhbəti jurnalistikanın məhsulu deyil. Cəmiyyətin problemidir. Digər sahələrdə olduğu kimi media sahəsində də reketçilik var. Sadəcə, burada əlverişli mühit olduğu üçün bu sahədə daha çox “çiçəklənmə” var idi. Ayrı-ayrı oliqarxlar, daha çox məmurlar həmin adamları himayə edirdilər. Həmin reketlərdən öz rəqiblərinə qarşı istifadə edir, gerçəyi deyənlərə qarşı həmin reketlər hücum edir, sifarişi yerinə yetirirdi və s.
Mənə elə gəlir ki, reketçiliklə mübarizə jurnalistlərin işi deyil. Bu, hüquq-mühafizə orqanlarının işidir. Çünki bu normadan kənar fəaliyyətdir. Şantaj, qorxutma yolu ilə insanlardan pul qoparmaq, onların şəxsiyyətinə hücum çəkmək və s. bunlar hamısı reketçiliyin əlamətləri və elə özüdür.
Bunu cərrahi üsulla aradan qaldırmağın ən yaxşı yolu hüquq-mühafizə orqanlarının bu işlə məşğul olmasıdır”, - deyə Qulu Məhərrəmli bildirib.
Medianews.az saytının baş redaktoru Xəyalə Rəis də məsələyə münasibət bildirən zaman söyləyib ki, əslində, bütün peşələrin reketləri var:

“Məsələn, elə həkimlər var ki, 10 dəfə “Hippokrat andı” içsə belə, yenə də rüşvət alacaq. Jurnalistika cəmiyyətə açıq bir peşə olduğundan reketlərin fəaliyyəti və zərərləri daha qabarıq özünü göstərir. Ona görə düşünürəm ki, reketçiliyə və onunla mübarizəyə təkcə jurnalistika çərçivəsində yox, kompleks şəkildə baxaq.
Konkret reket jurnalistlərə gəldikdə, yenə də səthi, kosmetik və kampaniya xarakterli deyil, dərin səbəbləri tapmaq və onları yox etmək lazımdır. O səbəblərdən birini mən deyim: hər hansı bir baytar bu gün çox asanlıqla gelib jurnalistikada çalışa bilir. Əlbəttə ki, belə bir adamın jurnalist məsuliyyəti, etikası olmayacaq. Bu, təkcə jurnalistikaya qəbulda və ya kim istəyir bir sayt açıb işlətməsində olan problemlərdən qaynaqlanmır. Burada media orqanı rəhbərlərinin də rolu böyükdür. Onlar filankəsin qohumu, filankəsin xahişi ilə azmı işçi götürüb jurnalist kimi cəmiyyətə təqdim edirlər? Təkcə bununla bağlı monitorinq aparılsa, çox əcaib mənzərə çıxar ortaya...”
Xəyalə Rəisin sözlərinə görə, digər tərəfdən, reketçiliyə qarşı cəmiyyət özü mübarizə aparmalıdır:
“İnsanlar hüquqlarını bilməlidir. Heç bir qanun, heç bir hüquq-mühafizə orqanı insanların maarifliyindən, savadından güclü vasitə ola bilməz. Odur ki, reket jurnalistikaya qarşı mübarizə aparırıqsa, bunu cəza və həbs xofu ilə deyil, alt yapını sağlamlaşdırmaqla etməliyik!”
Tanınmış jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov mövzuya fərqli tərəfdən yaşanaraq bildirib:

“Bir şeyi bilmək lazımdır: Reket olmaq üçün güclü olmalısan. Ona görə də, güclülər başqasından pul alanda "reket", zəiflər pul alanda "dilənçi" adlanır. Biz çox vaxt dilənçi jurnalistikasını səhvən "reket" adlandırırıq. Onların da çoxu jurnalist deyil.
Az qalır, Media Reyestri yaradılana qədər gözləmək lazımdır. Ondan sonra bilinəcək ki, həmin dilənçilərin və reketlərin hansı jurnalistdir, hansı da özünü bu sahəyə sırıyan alaq otu. Əksər hallarda blogerlər, həvəskarlar, orta məktəbdə inşadan yanıq qalanlar özlərini "jurnalist" kimi sırıyaraq, dilənçilik edirlər. Sadəcə, reyestr hazır olana qədər gözləmək, sonra məsələni yenidən dəyərləndirmək lazımdır”.
Leyla Mirzə