Rusiyanın Ukraynanı işğalından sonra bütün Avropada hiss edilən enerji böhranı, xüsusilə Almaniyada gündəlik həyata daha çox təsir etməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, ölkədə həyata keçirilən qənaət tədbirləri çərçivəsində böyük şəhərlərdəki meydanlarda abidələrin və tarixi binaların işıqlarının sönməsi, ictimai yerlərdə suyun kəsilməsi, şəhərlərdə isə duşlarda yalnız soyuq suyun axıdılması qərarı verilib.
Paytaxt Berlində bir çox meydanlarda işıqlar söndürüldüyü üçün tarixi abidələr və ictimai binalar qaranlığa qərq olub. Məlumata görə, Hannover şəhəri bələdiyyə obyektlərində isti suyu kəsən ilk böyük Almaniya şəhəri olub. Bildirilir ki, aşağı Saksoniya əyalətindəki bələdiyyə obyektlərində də məhdud isti su olacaq, mobil soyutma və istilik cihazları da qadağan ediləcək.
Rəsmilər enerji böhranının gedişatının proqnozlaşdırıla bilmədiyini və enerji istehlakını azaltmaq üçün yeni üsulların tətbiq oluna biləcəyini deyirlər.
Qeyd edək ki, ötən gün hökumət enerji şirkətlərinin müflis olmasının qarşısını almaq üçün müxtəlif tədbirlər gördüyünü açıqlayıb.
Onu da əlavə edək ki, Ukrayna müharibəsindən sonra digər Avropa ölkələri ilə birlikdə Rusiya qazından asılılığını azaltmağın yollarını axtaran Almaniya Rusiya qazından ən çox asılı olan Aİ ölkələri sırasındadır.
Bundan əlavə enerji qiymətlərinin sürətlə artdığı İngiltərədə yeni evlərə veriləcək elektrik enerjisi olmadığı üçün tikinti layihələrinin 2035-ci ilə qədər dayandırıla biləcəyi bildirilib.
İngiltərənin “The Times” qəzetinin xəbərinə görə, paytaxt London administrasiyası tikinti sektorunun nümayəndələrini məlumatlandırıb ki, şəhərin qərbində elektrik enerjisi çatışmazlığı səbəbindən yeni layihələrə 10 ildən əvvəl başlanmalıdır.
London meri Sadiq Xan da xəbərdarlıq edib ki, Londonun qərbində minlərlə ev elektrik enerjisinin kəsilməsindən təsirlənə bilər.
Leyla, Bizimyol.info