Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi ABŞ-la istənilən hərbi münaqişəyə “tam hazırdır”. Pxenyan tezliklə yeddinci nüvə sınağını keçirmək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə Bloomberg yazır. Qeyd edilib ki, Kim Çen In Koreya müharibəsinin başa çatmasının ildönümündə çıxış edərək, Cənubi Koreya hökumətinin hər hansı “təhlükəli cəhdlər” edəcəyi təqdirdə məhv ediləcəyi barədə xəbərdarlıq edib.
"Cənubi Koreya rejimi və onun hərbi tərəfdaşları bizə hərbi cəhətdən müqavimət göstərmək üçün taktika hazırlayır. Belə təhlükəli cəhd bizim güclü qüvvəmiz tərəfindən dərhal cəzalandırılacaq. Və Yun Seok-yeol rejimi və onun ordusu məhv ediləcək",- deyə Şimali Koreya lideri bildirib.
Cənubi Koreya prezidenti bu şərhə görə "dərindən təəssüfləndiyini" bildirib. Onun sözlərinə görə, Seul Pxenyanın təxribatlarına cavab verməyə hazırdır. O, həmçinin Kim Çen Inı nüvə tərksilahına dair danışıqlara qayıtmağa çağırıb.
Xatırladaq ki, Şimali Koreya yeni Koreya müharibəsi ilə hədələyib. Şimali Koreya ABŞ və Cənubi Koreyanı “düşmənçilik törətməkdə” ittiham edib. Belə bəyanatlara səbəb ABŞ və Cənubi Koreyanın iyulda baş tutan birgə hərbi təlimləri olub.
“ABŞ və Cənubi Koreya arasında qatı barıt iyi ilə həyata keçirilən birgə hərbi təlimlər Koreya yarımadasındakı vəziyyəti daha da gərginləşdirir”,- deyə Şimali Koreya Xarici İşlər Nazirliyi bildirib.
Xatırladaq ki, Şimali Koreya rejimi Donetsk və Luqansk vilayətlərinin müstəqilliyini tanıyan ölkədir.
Ölkədə dünyada bənzəri olmayan diktatura rejimi hökm sürür. Əhalinin ölkə xarici barədə təsəvvürü demək olar ki, sıfıra bərabərdir. Rejimin xoşyna gəlməyən adamlar məhkəmə-filan keçirilmədən dar ağacından asılır.
İlahin, Bizimyol.info